“Hansı peşəni seçsəm daha yüksək əmək haqqı alacam?”- sualına cavab vermək üçün əvvəlcə biz əmək bazarının nə olduğunu və ixtisasa tələbatın nədən asılı olduğunu başa düşməliyik. Bundan sonra hansı peşəyə yiyələnsək daha yüksək əmək haqqı alacağımızı müəyyən edə bilərik.
Əmək bazarının öz qayda və qanunları var və onları başa düşmək o qədər də çətin deyil. Bizim hər birimiz dərk etməsək də gündəlik həyatımızda onlardan istifadə edirik. Adi bazarba baş verən proseslərin əksəriyyətini asanlıqla əmək bazarına da aid etmək olar.
Hər şeydən əvvəl, əmək bazarında da satıcılar, alıcılar və məhsullar var. Lakin bu məhsullar çörək və ya ət yox, insan əməyinin növləridir. Adi bazarda satıcı - məhsulları təklif edərək onu satmağa çalışır, alıcı maraqlandığı məhsullar barədə ona suallar verir və ən keyfiyyətlisini almağa çalışır. Əmək bazarında biz işçilər, yəni satıcılar, iş verənlər isə (dövlət və ya özəl strukturlar) bizim əməyimizi almağa çalışan alıcılardır. Bizim qarşımıza qoyduğumuz məqsəd - əməyimizi sərfəli qiymətə satmaqdır.
Bəs əməyimizi necə qiymətləndirməliyik? Əməyimizin qiyməti nədən asılıdır?
Adi bazarda yayda meyvə-tərəvəz artdıqca, qiymətdə düşür. Həmçinin müəyyən meyvənin və ya tərəvəzin öz minimal və maksimal qiyməti olur. Bazarda satılan hər bir məhsulun qiyməti yalnız onun keyfiyyəti ilə yox, eyni zamanda cəmiyyətə faydası və ona olan təlabatla müəyyən olunur. Məsələn, pomidor ən aşağı 0.50 manat, maksimum 5 manata ola bilər. 20 manata pomidor satılmır. Lakin 20 manata qoz ala bilərsiniz və s.
Əmək bazarında da vəziyyət buna oxşardır. Müxtəlif peşələrə müəyyən illərdə təlabat fərqli olur. Peşəkar olmağınıza baxmayaraq əməyinizi müəyyən qiymətdən baha “sata” bilməzsiniz. Yəni gələcəkdə sizə yüksək maaşı, tək peşəkar mütəxəssis olduğunuza görə verməyəcəklər. Müəyyən peşələrin müəyyən ortalama maaşı olur.
Əmək bazarında mütəxəssislərin sayının artıq olması ümumi əmək haqqını aşağı salır, çünki təklif və seçim çoxdur. Bizim təklif etdiyimiz işə əmək bazarında tələbat olmasa, onda ümumiyyətlə bu sahə üzrə iş tapmaq çox çətin olacaq. Məsələn, hal-hazırda big data üzrə mütəxəssislərə təlabat çox böyükdür. Eyni zamanda belə mütəxəsisslər az olduğuna görə, onlar işlədiyi yerlərdə yüksək əmək haqqı alırlar.
Beləliklə, əgər bizim ixtisasımız bugün çox tələb olunan peşə deyilsə, onda ən yaxşı halda biz aşağı əmək haqqı ilə kifayətlənməliyik. Əgər bizim kimilər həddindən çoxdursa, onda ixtisasımıza uyğun iş tapmaq daha da çətin olacaq. Düzdür, peşəkarlıq səviyyəsi də əhəmiyyətli amildir. Yüksək rəqabət şəraitində peşəkarlıq səviyyəsi daha yüksək olan şəxslərin iş tapmaq şansı daha yüksəkdir. Buna misal olaraq musiqi müəllimləri və ya repetitorları göstərə bilərik. Onların sayı tələbatdan çox olduğuna görə işlə təmin olunmayanlar çoxdur. Belə olan halda iş verənlər və istehlakçılar daha peşəkar olanlara üstünlük verirlər.
Beləliklə, bizə aydın oldu ki, məhsulun qiyməti ona olan birbaşa təlabat və təkliflərlə müəyyən olunur. Başqa sözlə desək, məhsula təlabat nə qədər çox olsa və bazarda ona çox az rast gəlinsə, bu bir o qədər də onun qiymətini qaldırır. Ona görə də ən qiymətli məhsul çox ehtiyac duyulmasına baxmayaraq satışda çox az olan hesab olunur. Əgər məhsula təlabat böyük deyilsə və ya heç yoxdursa, onda həmən məhsulun qiyməti çox aşağı olacaq. Bu zaman əlbəttə peşəkarlıq dərəcəsi və şəxsi keyfiyyətlər də rol oynayır.
Bizim peşəmiz əmək bazarında olan təlabata müvafiq olmalıdır. Bizə, bugünkü gün və gələcəkdə tələb olunan peşə lazımdır. Başqa sözlə desək tam təminatlı həyat sürmək istəyiriksə o peşə istiqamətinə yönəlməliyik ki, həmən ixtisas üzrə iş tapmaq bizə çətin olmasın.
İxtiyari olaraq belə bir sual meydana çıxır – bu hansı ixtisaslardır? Belə bir siyahı yoxdur. Lakin bu gün hansı ixtisaslara əmək bazarında təlabat azdır və ya hansı ixtisaslara yaxın günlərdə təlabat azalacaq sualına cavab tapmaq bir qədər asandır. Bunun üçün mütəxəssis olan dost-tanış, KİV-də olan və s. məlumatlarla tanış olun.
Adətən daha peşəkar, fəal, çevik və təcrübəli olanların maaşı daha yüksək olur. Lakin onlar da konkret peşə üzrə bazarda müəyyən olunmuş limiti keçmirlər. Bu limiti keçmək üçün yüksək şəxsi keyfiyyətlərə malik olmaq, düzgün ixtisas seçib özünü bir peşəkar kimi yetişdirmək, bilik və bacarıq əldə etmək, fəal iş axtarmaq və digər zəruri addımları atmaq lazımdır. O da qeyd olunmalıdır ki, fərqlənmək üçün həm aktual, həm də özünüzə uyğun peşə seçimi vacibdir. Çünki bu zaman siz bir PEŞƏKAR kimi formalaşırsız, çünki seçdiyiniz peşəyə həm ŞƏXSİ KEYFİYYƏTLƏRİNİZ, həm də MARAQLARINIZ uyğun gəlir. Qeyd olunanlarla yanaşı, İŞ YERİNİZ, TUTDUĞUNUZ VƏZİFƏ və İCRA ETDİYİNİZ İŞLƏR də maaşınıza təsir edən amillərdir.
İki müxtəlif yerdə işləyən eyni ixtisaslı adamın əmək haqqı heç də eyni deyil. Bu onun işlədiyi sahədən və tutduğu vəzifədən asılıdır. Buna görədə eyni ixtisaslı adamlar, müxtəlif əmək haqqı ala bilərlər. Məsələn, məktəbdə və təlimçi kimi işləyən müəllimlərin əmək haqqı eyni deyil.
Sizə “Peşə seçimi zamanı əmək bazarında iş yerlərinə olan tələbatı nəzərə almalıyıqmı?”
- məqaləsi maraqlı gələ bilər.
Gələcək seçimlərinizdə sizə uğurlar!