Əvvəldə qeyd etdiyimiz kimi, peşə seçimi - hərtərəfli düşünməyi tələb edir.
“Bəs bu zamanı əmək bazarında olan iş yerlərinə tələbatı nəzərə almalıyammı?”
- sualını cavablandıraq.
Bəzən abituriyentlərə psixoloji testlərin nəticəsində hər hansısa peşənin ona uyğun olduğunu deyəndə, o bu sahədə iş olmadığını düşünüb həmin peşəni seçmir. Əslində isə tələbatın olmadığını fikirləşdiyi peşə üzrə mütəxəssislərə böyük ehtiyac ola bilər. Ola bilsin ki, əslində abituriyent əmək bazarındakı tələbat barəsində məlumatlı deyil. Sadəcə dost-tanışdan bu ixtisas barədə heç nə eşitmədiyinə görə bu qərara gəlir. Bəzən də əksinə dost-tanış real tələbatın kifayət qədər aşağı olduğu peşələri təbliğ edə bilər.
Bəs biz peşə seçimi zamanı əmək bazarı haqqında nə bilməliyik?
Əmək bazarında iş yerlərini aysberq şəklində təsəvvür edək. Əsil aysberqin çox böyük hissəsi suyun altında qalır. Digər hissəsi suyun üzərində təpə kimi qalxır və gözlə asan görünür. Əmək bazarındakı vəziyyət də buna oxşayır. Orada yaxşı, aydın görünən və ilk baxışda gözə çarpmayan xeyli miqdarda boş qalan iş yerləri vardır. Əmək bazarındakı iş yerlərini üç qrupa ayıra bilərik: rəsmi görünən, ehtimal olunan və gizli qalan.
Rəsmi görünən iş yerləri.
Bu iş yerləri haqqında siz daim eşidirsiniz, məlumatlısınız. Dost-tanışdan, elanlardan bu boş iş yerləri haqqında məlumatı daim alırsınız. Rəsmi görünən iş yerləri - bizim aysberqin görünən, ən kiçik, ən yüksək qatıdır və aşağıdakı xüsusiyyətlərə malikdir:
-işlə təmin edənlər boş iş yerlərinə həqiqətən işçi axtarır və ona kimin lazım olduğunu bilir;
-işlə təmin edən, boş iş yerləri haqqında hamıya açıq və ətraflı məlumat verməyə hazırdır. Gizli məlumat olmur;
-işlə təmin edən, əməkdaşları işə qəbul edən zaman onların bütün tələblərini əmək qanunvericiliyinə uyğun yerinə yetirməyə hazırdır.
Yəni işlə təmin edən bütün gücünü sərf edərək fəal sürətdə peşəkar işçi axtarır və çalışır ki, onu qısa vaxt ərzində tapsın. Misal üçün, sahibkar limonad istehsal edən yeni bir zavod açır. Burada lazımi cihazları yerləşdirmək üçün onun binası var, eyni zamanda o, xammalı təchiz edənlərlə və məhsul alanlarla da əlaqəni yaradır. Yalnız işçi bazası yaratmaq lazım gəlir. Bütün bunlar sahibkarı əmək bazarında fəal hərəkət etməyə sövq edir. O hər yerdə elanlar verir, görüşlər keçirir və s.
Lakin bu yalnız aysberqin üst və ən kiçik hissəsidir, burada çox az sayda boş iş yerləri görünür. Çox zaman məhz bu məlumatlara əsaslanıb peşə seçimində səhvə yol verilir, çünki bu məlumat ƏMƏK BAZARINDA baş verənləri tam əhatə etmir.
Buna görə də gəlin aysberqin suyun altında qalan hissəsini diqqətlə nəzərdən keçirək və orada nə baş verdiyini aydınlaşdıraq.
Ehtimal olunan iş yerləri.
Aysberqin bu qatını boş iş yerləri təşkil edir və işlə təmin edən hansısa səbəbdən ehtiyac görüb oranı doldurmaq üçün güc sərf etmək istəmir. Səbəb isə məsələn, işlə təmin edən ona yeni işçinin lazım olub-olmamasına və ya necə işçi lazım olduğuna tam əmin deyil. O təqribən belə fikirləşir: «Əgər yaxınlıqda yaxşı bir işçi olsaydı mən onu işə götürərdim». Bəzi hallarda işə götürən ümumiyyətlə əlində olan ilə kifayətlənir və artıq xərc hesab etdiyi üçün yeni işçi axtarmır. Bu boş iş yerləri həqiqətən də mövcuddur, lakin bu iş yerini o zaman almaq olar ki, biz işlə təmin edən adamı inandıraq ki, bu iş üçün onun bizə ehtiyacı var, biz bir mütəxəssis kimi işləsək onun işi daha səmərəli təşkil olunacaq. Bu hallarda da əmək qanunlarının bütün tələblərinə əməl olunur.
Ehtimal olunan iş yerlərinə yalnız tanışlıq və qohumluqla işə götürməkdə daxildir. Çox zaman burada heç bir peşəkarlıq nəzərə alınmır və başqalarına çox az məlumat verilir. Tanışlıq əlaqələri vasitəsiylə işə götürülmək keçmiş Sovet dövründən qalma yanlış vərdişlərdən biridir. Bu yanaşma heç də səmərəli deyil. Peşəkarların əvəzinə qohum və tanışlara üstünlük verən şirkətlər adətən geri qalır və əvvəl-axır ciddi maliyyə problemləri ilə qarşılaşırlar.
Peşə seçən zaman ailənizin, hansısa qohumunuzun şirkətində işinizin hazır olduğuna çox da güvənməyin. Ola bilər ki, bir müddət sonra o şirkət öz yanaşmasını dəyişərək yalnız ən lazımlı peşəkarları məcburi saxlasın və ya ümumiyyətlə bağlansın. Elə də ola bilər ki, siz gələcəkdə sizə maraqsız gələn bu işlə məşğul olmaq istəməyəsiniz. Bu zaman siz bütün gələcəyinizi şübhə altında qoyursunuz.
Ehtimal olunan iş yerləri haqqında adətən cəmiyyətdə çox az məlumat olur. Buna görə siz peşə seçimi zamanı bunları çox güman nəzərə ala bilməyəcəksiz. Amma gələcəkdə peşəkar və fəal olsanız bu tip iş yerlərini əldə edə bilərsiniz.
«Boz» və ya kölgədə qalan iş yerləri.
Bu tip işlərlə təmin edən iş verənlər çox vaxt qanunun tələblərinə uyğun əmək müqaviləsi bağlamadıqları üçün bu iş yerləri haqqında dəqiq statistik məlumata rast gəlmək qeyri-mümkündür. Buna görə də bəzi peşələrə əmək bazarında nə dərəcədə ehtiyac olduğunu müəyyən etmək çətindir. Yəni peşə seçimi zamanı bu peşələrlə əlaqədar kifayət qədər məlumat əldə etmək mümkün olmayacaq.
Kölgədə qalan iş yerlərinin yaranmasının səbəbinin araşdırılması bu məqalənin məqsədlərindən kənara çıxdığı üçün bu məsələni müvafiq mütəxəssislərin öhdəsinə buraxmaq daha düzgündür. Sadəcə onu qeyd etmək istərdik ki, öz əmək fəaliyyətinizi rəsmiləşdirmək həm qanunun tələbidir, həm də sizin haqlarınızın qorunması baxımından zəruridir. İşinizin rəsmi olmasının sizin üçün bir-sıra müsbət tərəfləri var. Əmək kitabçası açılması və iş təcrübənizin qeyd olunması, rəsmi ödənişli məzuniyyətlər, tibbi sığorta, gələcək pensiya hüququndan istifadə bu üstünlüklərdən bəziləridir.
Gələcəkdə belə iş yerlərində öz huquqlarınızı tələb etməlisiniz. Əmin olun ki, öz işini yaxşı bilən, insanlarla düzgün işgüzar ünsiyyət quran bir peşəkar olsanız, iş tapmaqda çətinliyiniz olmayacaq və heç kəs sizin hüquqlarınızı tapdalaya bilməyəcək. Kölgədə qalan işlərdə də peşəkar olub öz hüquqlarınızı tələb edə biləcəksiniz.
Əmək bazarı ilə yaxından tanış olduqda görürük ki, əslində boş iş yerləri biz fikirləşdiyimizdən daha çoxdur. Hətta bizim “görmədiyimiz”, yəni kölgədə qalan iş yerləri də var. Buna görə də əvvəlcə siz özünüzə uyğun düzgün peşə seçməlisiniz. Peşə seçərkən DÜZGÜN PEŞƏ SEÇİMİ meyarlarına əsaslanın! Sonra isə mümkün iş yerləri haqqında sizi maraqlandıran sahənin mütəxəssisi və işini bilən insanlardan, eləcə də internet resurslarından və nəşrlərdən məlumat toplaya bilərsiniz.
Qərar almamışdan əvvəl məlumat toplayın.
Mütəxəssis olan dost-tanış, KİV-də olan və s. məlumatlarla tanış olun.
Peşə seçimi zamanı gələcək iş yeriniz haqqında düşünün.
Əmək bazarında tələbat olan peşəni seçməyə çalışın.
Sizin seçdiyiniz peşəyə müasir əmək bazarında ehtiyac çox az olsa və ya ümumiyyətlə olmasa, onda o istiqamətdə sizə uyğun başqa peşəni seçməniz məsləhətdir.
Sizə seçiminizdə uğurlar arzulayırıq!