Peşə seçimini kimyəvi reaksiyaya bənzətmək olar. Bu proses özündə 3 “maddə”, 3 hissə cəmləşdirir. Bu “kimyəvi” reaksiyanın nəticəsində isə biz uğur, özümüzə inam, sevdiyimiz və bacardığımız bir peşə əldə edirik. Üç amildən hər hansı birinin olmaması, kimyəvi reaksiyada olduğu kimi arzu olunmayan nəticəyə gətirib çıxarır.
Peşə seçərkən əsas üç meyarı nəzərə almaq lazımdır:
Seçdiyiniz peşə...
1. sizin üçün maraqlı olmalıdır;
2. sizin bacarıqlarınıza və xasiyyətinizə uyğun olmalıdır;
3. əmək bazarındakı təlabata uyğun olmalıdır.
Peşə seçərkən əsas meyarlardan biri maraqdır. Əgər işin özü insanın xoşuna gələrsə, o daha da həvəslə işləyər, öz peşəkar səviyyəsini artırar, çətinliklərin öhdəsindən gəlməyə mənəvi gücü olar. Yəni maraq insana yaxşı mütəxəssis olmaq üçün təkan verən amillərdən biridir. Bu cür işini sevən peşəkar insanlar başqalarının arasında həmişə seçilir.
Lakin yalnız işini sevmək yüksək səviyyəli peşəkar olmaq üçün kifayət deyil.
Peşə seçiminin ikinci meyarı peşəkar yararlılıqdır. Burada hər hansı bir peşədə lazım olan qabiliyyət və bacarıqlar, təfəkkürün xarakteristikası və xasiyyətin müəyyən xüsusiyyətlərinin peşəyə uyğun gəlməsi nəzərdə tutulur. Təəsüflər olsun ki, insanların əksəriyyəti peşə seçimində bunları çox az nəzərə alır. Bu isə mənfi nəticəyə gətirib çıxarır. Məsələn, yaxşı səviyyədə söz təfəkkürü inkişaf etmiş abituriyent jurnalistika və ya hüquqşünas peşəsini deyil, cərrah olmağa qərar verir. Halbuki lazım olan fəza təfəkkürü onda inkişaf etməyib. Yəni çox yaxşı hüquqşünas olmağın əvəzinə orta və ya aşağı səviyyəli cərrah olur.
Peşəkar cəhətdən yararlı olmayan şəxslər, adətən, istədikləri fakültəyə daxil olsalar belə, ali məktəbi göstərdikləri bütün səylərə baxmayaraq, çətinliklə bitirirlər. Daha sonra bu sahə üzrə işləsələr də, istədikləri səviyyədə mütəxəssis ola bilmirlər. Çünki burada tamam başqa şəxsi keyfiyyətlər lazımdır. Həmçinin burada sağlamlıq da nəzərə alınmalıdır. Müəyyən xəstəliklər mövcud olduqda bəzi peşələrin seçimi ümumiyyətlə mümkün deyil və ya iş həyatı sağlamlığa mənfi təsir göstərə bilər. Bununla da peşə sahəsində peşəkar olmaqda çətinliklər törədə bilər. Məsələn, qan damarlarının genişlənməsi və ya buna meyillilik varsa, şəxsin uzun müddət ayaq üstə qalmasını tələb edən işlərlə (peşə olaraq, məsələn: saç ustası, cərrah və s.) məşğul olmaması tövsiyyə olunur..
Peşəkar yararlılıq - sizə mütəxəssis olmağa, əmək bazarında həmişə “ehtiyac” duyulmağa imkan verir.
Üçüncü meyar əmək bazarında tələbatın olmasıdır. Təəssüf ki, çox vaxt Azərbaycanda peşə seçərkən həmin peşəyə bazarda təlabatın olması və iş imkanları ilə maraqlanmırlar. Nəticədə məzunlar bir çox hallarda öz ixtisasları üzrə iş tapa bilmirlər. Çünki bu sahədə artıq kifayət qədər mütəxəssis var, vakant yerlər olsa da, orada təcrübəli, stajı olan mütəxəssislərə üstünlük verilir. Buna görə də sizin özünüzü bu sahədə sınayıb təcrübə toplamağınız çətinləşir və ya uzun müddət tələb edir. Bu cür çətinliklərin nəticəsində bir çox gənc kadr yenidən peşə seçimi etməyə və fərqli sahə üzrə çalışmağa məcbur olur.
Lakin əgər siz seçdiyiniz ixtisası çox sevirsinizsə və müvafiq keyfiyyətlərə maliksinizsə, bu çətinliklərin öhdəsindən gələ bilərsiniz. Unutmayın ki, hər hansısa bir peşəyə əmək bazarında tələbat az olsa belə, yaxşı peşəkara həmişə ehtiyac var. Digər tərəfdən, müəyyən peşə sahəsi üzrə formalaşmaq, təcrübə toplamaq və yaxşı mütəxəssis kimi yetişmək üçün sizə bir müddət işləmək lazımdır.
Bundan başqa, 10-20 il sonra hansı peşələrə və ixtisaslara təlabatın olacağını heç kim dəqiq proqnozlaşdıra bilməz. Siz bu zaman ərzində fərqli sahələrdə özünüzü sınaya, bir peşəkar kimi özünüzü tanıya və lazım olsa, sizə yaxın olan başqa bir peşə sahəsi üzrə özünüzü yetişdirə bilərsiniz. Həmçinin unutmayın ki, hər bir sahə üzrə yeni istiqamətlər inkişaf edir. Onlarla maraqlanın. Məsələn, biologiya sahəsində mikrobiologiya və dietologiyanın kəsişməsində molekulyar dietologiya və s. kimi istiqamətlər getdikcə daha yüksək aktuallıq qazanmağa başlayıb.
Sizə uyğun düzgün peşəni necə seçə bilərsiniz? Peşəkar yararlığınızı, maraqlarınızı əvvəlcədən müəyyən edə bilərsiniz. Bunun üçün xüsusi peşəkar psixoloji testlərdən istifadə olunur.
Unutmayın!
Yüksək səviyyəli mütəxəssis olmaq üçün siz düzgün ixtisas seçməli, nəzəri və praktiki biliklər əldə etməli, sağlamlığınıza fikir verməli, daim öz üzərinizdə işləməli və yeniliklərə açıq olmalısınız.
Sizə həyatınızda və peşə seçiminizdə uğurlar arzulayırıq!