Valideynin uşağının seçdiyi peşədən məmnunluğu heç də əsas məsələ deyil. O, yalnız övladının xoşbəxtliyi, seçimindən məmnunluğu, seçdiyi peşənin xəyal və istəkləri ilə üst-üstə düşməsi barədə düşünməlidir. Valideyn övladının peşə seçiminə müdaxilə etmək istəyinin nə ilə əlaqəli olduğunu özü üçün aydınlaşdırmalıdır. Bunu aydınlaşdırdığı zaman bəlkə də o, bu istəyin uşağın gələcəyi ilə əlaqədar qorxu, qeyri-müəyyənlik hissi və ya bu günə qədər öz həyatında reallaşdıra bilmədiyi ehtiyaclarla əlaqədar olduğunu müəyyən edəcək.
Aşağıda verilən suallara səmimi cavab verdikdə, valideyn özü üçün qorxu və şübhələrin yaranma səbəblərini aydınlaşdıraraq bu duyğuları aradan qaldıracaq və uşağın istək və formalaşmış seçimini qəbul edə biləcək.
- Mən, bir valideyn olaraq, uşağım üçün hazır həll yolu üzərində israr edirəmmi? Ümumiyyətlə övladıma seçim azadlığı verirəmmi?
- Övladımın şəxsi məkanının olma hüququnu qəbul edirəmmi?
- Şəxsi təcrübəmdən irəli gələrək övladımla nəyi bölüşə bilərəm?
- Övladımın öz seçimlərindən mənim istəyimə görə imtina etməsindən mən nə əldə edə bilərəm?
- Uşağımın müstəqil olması mənim üçün vacibdirmi?
- Dəstəyimi ona necə bildirirəm?
- Ona kifayət qədər qayğı göstərirəmmi?
- Övladımın hansı xəyallarla yaşadığından xəbərim varmı?
- Onun nə ilə maraqlandığını və özünü hansı sahədə görmək istədiyini bilmək istəyirəmmi?
- Uşağımda güclü tərəfləri görüb onunla bu barədə müzakirələr aparırammı?
- O, istəyinə uyğun peşə seçimi edərsə, qəbul edə bilərəmmi?
- Övladım universitetin ikinci kursunda yalnış seçim etdiyini anlasa, ona dəstək olarammı?
Yeniyetmənin valideynləri tərəfdən anlaşıldığını və böyüdüyünü hiss etməsi çox vacibdir. Hörmət edildiyinə və sevildiyinə, şəxsi məkanına müdaxilə edilmədən seçim azadlığı verildiyinə əminlik, uşağa böyüklərin qınağından çəkinmədən öz bacarıq və özünü ifadə etmə ehtiyaclarını araşdırmağa şərait yaradır. Ailə yeniyetməyə təzyiq göstərərək qərar verməyə məcbur etdiyi zaman o, yetkin bir şəxsiyyət kimi formalaşmaq hüququndan məhrum ola, beləcə də valideynlər övladlarının müstəqil bir fərd olduğunu unuda bilər. Uşaq həyatını özü yaşayacağı üçün yaxınlarının deyil, məhz özünün ürəyincə olan peşəni seçmək hüququna malikdir. Təzyiq altında olan uşaq tənqid və rədd qorxusu səbəbiylə öz ehtiyac və istəklərini bildirməkdə çətinlik çəkir.
Valideynlər üçün bəzi məsləhətlər:
- Gələcək peşə seçimini uşağınızın ixtiyarına buraxın.
- Seçdiyi peşənin müsbət və mənfi cəhətlərini onunla müzakirə edin.
- Uşağın gələcək peşə seçimində maddiyyatla yanaşı, onun mənəvi məmnunluğunu da nəzərə alın.
- Peşə seçimi zamanı övladınızla fikir ayrılığı yaşanacağı təqdirdə xüsusi məsləhətçilərin köməyindən istifadə edin.
- Peşə seçimi zamanı övladınızla davamlı münaqişələrin yaşanmaması üçün ona təzyiq göstərməkdən çəkinin.
- Peşə seçimi zamanı övladınızın gələcək ixtisasına dair vacib olan şəxsi keyfiyyətlərini nəzərə alın.
- Övladınızın xəyalını gerçəkləşdirməsi üçün kifayət qədər səbr və istəyi varsa, ona bu yolda dəstək olun.
- Uşağınız səhv seçim etdiyi zaman, onu tənqid etməyin, əksinə, səhvlərindən dərs çıxarmağa kömək edin.
- Uşağınız peşə seçimində erkən yaşda qərarlaşıbsa, ona bu marağını inkişaf etdirməyə dəstək olun.
- Unutmayın ki, uşaq valideynlərinin peşəyə münasibət ənənələrini mənimsəyir!
Yeniyetmənin qərarı nə olursa olsun, seçdiyi peşənin doğruluğuna əmin olduğu zaman o, hər zaman yaradıcı şəkildə özünü ifadə etmək imkanı əldə edəcək. Onun özünü "doğru yerdə" hiss etməsi və seçdiyi sahədə özünəməxsus təbii potensialını reallaşdırmaq imkanı əldə etməsi çox vacibdir.