Yeniyetməlik dövründə, başqa sözlə desək krizis dövründə yeniyetmənin orqanizmində hər bir şey sürətlə inkişaf edir(bir sıra dəyişikliklər baş verir). Yeniyetmənin özü haqqında təsəvvürləri, bədən və ona münasibəti dəyişir. Məhz bu dövrdə yeniyetmənin valideynləri ilə münasibətləri korlana və ya aralarında məsafə yarana bilər. Nə qədər qəribə səslənsə də, çox vaxt ən ciddi məsələlər də elə bu yaş dövründə baş verir.
Bəzi hallarda yeniyetmə özü üçün bir “divar hörür” ki, valideyn belə onun digər tərəfinə keçməkdə çətinlik çəkir. Bir çox valideynlər belə hallar baş verdiyi zaman psixoloqun köməyindən yararlanır, bəziləri isə tək başına həll etməyə çalışır. Bu dövrü hər bir yeniyetmə fərqli keçirə bilər: bəziləri diqqət mərkəzində olmağı, başqalarından fərqlənməyi üstün tutur, digərləri isə hər şeyi özündə kompleks edərək “gözəgörünməz” olmaq istəyirlər. Yəni, bəziləri fərqlənməkdən qorxur, bəziləri isə əksinə, "kölgədə qalmaq" istəmir. Bir yeniyetmə üçün həmyaşıdlarının onu qiymətləndirməsi valideynin qiymətləndirməsindən son dərəcə daha vacibdir.
Yeniyetməyə xas olan bəzi xüsusiyyətlər aşağıdakılardır:
- Emossionallıq və əsəbilik. Yeniyetmədə yüksək emosionallıq və əsəbilik müşahidə olunur, belə yeniyetmələrdə duyğu dünyası ağ və qara rənglərdən ibarət olur. Bu, əsasən bir gəncin psixologiyasını təyin edən hormonal dalğalanma ilə əlaqədardır. Lakin burada başqa amillərin də təsiri var: beynində yaratdığı komplekslər, əks cinsə olan maraq, valideynlərinin onu “anlamaması” və s..
- Təklik. Bir yeniyetmə üçün yaşıdları tərəfindən qəbul olunmamaq çox çətin və ağırdır. Onun üçün cəmiyyətdəki rol son dərəcə vacibdir. O, özünü həmyaşıdları tərəfindən sevilmədiyini hiss edərsə, dünya onun gözündə “qarala” bilər. Belə hallarda ona ailənin dəstəyi olduqca vacibdir. Əgər yeniyetmə övladınız həmyaşıdları arasında özünü narahat hiss edərsə, ünsiyyət kontingentini genişləndirməsinə və maraqlar tapmasında ona kömək etməyə çalışın.
- Müstəqillik. Yeniyetmə öz şəxsiyyətini formalaşdırmağa başlayır və daha çox müstəqillik tələb edir(müstəqil olmaq istəyir). Bu dövrdə valideynlərindən qismən ayrılaraq, sərbəst olmağa can atır. Öz ortamı, dostları, önəmsədiyi insanlar həyatında xüsusi yer alır. Bu, uşağın valideynlərini sevməməyi anlamına gəlmir, bu cür davranış yalnız özünü təsdiq etmə üsuludur, qərar verməyi öyrənmək cəhdidir.
- Maliyyə müstəqilliyi. Məhz bu dövrdə yeniyetmənin maliyyə müstəqilliyinə dair xəyalları ortaya çıxır. Ona görə də, əksər hallarda 13-14 yaşlarında olan yeniyetmələr çalışmağa, pul qazanmağa can atırlar.
- Özünə hörmət. Yeniyetmənin həyatında özünə hörmət böyük rol oynayır və əksər hallarda əsassız olaraq aşağı düşə bilir. Bununla birlikdə yeniyetmədə qeyri-müəyyənliyə dair narahatlıq hissi yarana bilər. Səbəblərdən biri kimi valideynin onu digər həmyaşıdları ilə müqayisə etməsi, başqasının yanında acılama kimi durumlar ola bilər.