Valideynlər üçün bəzi məsləhətlər:
- Güvənilir münasibət yaradın. Yeniyetmə övladınızın fikirlərini sona qədər dinləyin və münaqişəni sakit şəkildə həll etməyə çalışın. Ailədaxili verilən qərarlara övladınızı cəlb edin. Ailənin vacib fərdi olduğunu hiss etdirin;
- Başqaları ilə müqayisə etməyin. Övladınızı səhvlərə görə başqasının yanında danlamayın, səhvini görməyinə şərait yaradaraq, uğursuzluqlarından nəticə çıxarmağı təbliğ edin. Güclü tərəflərini qabardın, etdiyi düzgün hərəkətlərinə görə tərifləyin;
- Kompromisə gedin. Bəzi situasiyalarda onu dinləməyi, dediklərini önəmsəməyə çalışın. Onun baxış açısından baxmağa cəhd edin. Unutmayın ki, hər kəs stres yaşaya bilər. Heç vaxt qəzəbli halda problemi müzakirə etməyin. Bunun üçün övladınıza güvənməyə, inanmağa, onunla dürüst olmağa çalışmalısınız;
- Hisslərini paylaşmağa təşviq edin. Onunla ünsiyyət qurmağın yollarını tapın. Buna sadəcə “gününü necə keçirdin” sualını verərək başlaya bilərsiniz. Heç nəyə baxmayaraq, hər zaman onun yanında olduğunuzu, nə hiss etdiyini və nə düşündüyünü eşitmək istədiyinizi xatırladın. Bu zaman o, problemi yaranacağı təqdirdə ilk növbədə sizinlə bölüşəcək;
- Övladınıza dəstək olmaq üçün vaxt ayırın. Hərdən gündəlik işlərinin üzərində birlikdə çalışın. Məktəbdə verilən tapşırıqları ev işlərilə uyğunlaşdıra bilərsiz, məsələn, nahardan öncə ev tapşırığını tamamlamaq hədəfini təyin edə bilərsiniz. Yeniyetmə övladınıza məktəb tapşırıqlarına, ev işlərinə və ya digər məşğul olduğu fəaliyyətlərə ara verib, xoşuna gəldiyi işlərlə məşğul olmağa təşviq və dəstək yollarını tapın;
- Münaqişələri birlikdə yoluna qoyun. Öz təcrübənizə, yaşınıza və sosial vəziyyətinizə güvənərək hər şeyi sübut etməyə çalışmayın. Yeniyetmə övladınızda məyusluq hissi varsa, problemlərin həll yollarını tapmaq üçün onunla birlikdə çalışın. Çalışın ki, onun üzərində hakimlik və hansı addım atmaq lazım olduğunu diktə etməyəsiz. Aranızdakı münaqişələri minimuma endirməyə çalışın;
- Şəxsi azadlığına hörmət edin. Yeniyetməlik - müstəqillik deməkdir! Yeniyetmə övladınıza müvafiq qədər vaxt və məkan ayırmağa çalışın ki, özü sərbəst olsun. Fərdi məkana ehtiyac böyümənin normal bir hissəsidir. Yadınızda saxlayın ki, bu dövrdə bir yeniyetmənin müəyyən qədər şəxsi azadlığa ehtiyacı olur. Öz dostları, ətrafı ilə ünsiyyət ona bu yaşda olduqca vacibdir. Məhz bu yaşda onların yeni maraqları əmələ gəlir: oğlanlar gitara çalmağı, qızlar rəqs ilə məşğul olmağı istəyə bilərlər. Onlar özlərini tapmağa çalışırlar. Bir az azadlıq vermək-tamamilə sərbəstlik anlamına gəlmir;
- Laqeyd yanaşmayın. Onun həyatında baş verən hər bir şeyə maraq göstərməyə çalışın. Övladınız sizinlə hər hansı bir şeyi paylaşdığı zaman, sizə maraqlı olmasa belə, bunu biruzə verməyin. Münasibətin düşməni məhz elə laqeydlik hissidir. Məsələn, əgər övladınızda pul qazanmaq istəyi yaranıbsa, ona bunu qadağan etməyin, mümkün qədər dəstəkləyin. Unutmayın ki, bu sadəcə bir hobbidir. Əksinə, ona bu yolda kömək etməyə, düzgün istiqamətləndirməyə çalışın, maliyyə savadlılığını artırmaq məqsədi ilə bəzi kurslara yazılmasına tövsüyyə edin.
Unutmayın, yeniyetmə övladınıza münasibətlərinizin necə olmasından asılı olmayaraq sevginizi, dəstəyinizi, hər daim köməyinizi, hər zaman onun yanında olacağınızı hiss etdirməyiniz olduqca vacibdir.