Hər birimizin vərdişlərlə bağlı problemləri olur: vərdişlərin davamlılığını təmin etmək, motivasiyanı qorumaq, yeni vərdişləri qazanmaq və ya mənfi vərdişlərlə necə mübarizə aparmaq kimi. Vərdişləri dəyişmək mümkündür, onları dəyişə bilmədikdə nə isə etmək üçün mövcud yollardan asılı oluruq. Əgər bir insan arıqlamaq, prokrastinasiyaya (görüləcək işi təxirə salmaq) qalib gəlmək, kitab yazmaq, idmana başlamaq, həyatında müsbət yönümlü dəyişkənlik etmək istəyirsə, bu zaman o, özündə bu vərdişləri formalaşdırmalıdır. Bunun üçün insanda kifayət qədər maraq və öz xüsusiyyətini dəyişmək istəyi yaranmalıdır. Yaranmadığı təqdirdə o, bu prosesdə hər hansı bir çətinliklə üzləşərsə, ruhdan düşəcək və fikrindən daşınacaq. Beynimizin əsas vəzifəsi bizi qorumaqdır. O, başımıza gələcək hər bir hadisəni proqnozlaşdırmağı sevir. Beləliklə, beyin formalaşmış vərdişi dəstəkləmək üçün (xeyrimizə olduğu üçün deyil, vərdiş əvvəlcədən proqnozlaşdırıldığı üçün) əlindən gələni edir. Beynimiz üçün hər hansı bir dəyişiklik təhlükə kimi qəbul olunur və məhz bu xüsusiyyətinə görə tətbiq etməyə çalışdığımız dəyişikliklərin həqiqətən də əhəmiyyətli olduğuna onu “inandırmalısınız”.
Vərdiş psixoloji və fizioloji aspektlərdən ibarətdir. Vərdiş çoxsaylı təkrarlanarsa, psixoloji cəhətdən iradi və ya idrak xarakterli heç bir çətinlik yaranmır. Sizin yeni formalaşan vərdişə qarşı münasibətinizin necə olmağından asılı olmayaraq bir müddət sonra ona qarşı emosiya (mənfi və ya müsbət) hiss etməyəcəksiniz. Buna baxmayaraq vərdişlər sizə mənfi təsir edərsə, bir müddət sonra sizdə onlara qarşı mənfi fikir formalaşa bilər. Fizioloji aspektə gəldikdə isə, burada sabit sinir əlaqələrinin meydana gəlməsi nəzərdə tutulur. Özünüzdə birdən çox vərdiş formalaşdırmaq istəyirsinizsə, onlar həyatınızın fərqli sahələrinə təsir göstərməlidir. Beləliklə, zaman keçdikcə şəxsiyyətinizdə çox ciddi müsbət dəyişiklik baş verəcək. Vərdişin formalaşması üçün nə qədər vaxtın tələb olduğu barədə dəqiq məlumat yoxdur. Bu vərdişin çətinlik dərəcəsindən asılıdır, eləcə də bu proses individual olduğuna görə insanda fərdi şəkildə baş verir. Hərəkət bədənin müqaviməti olmadan həyata keçirildikdə vərdiş halına çevrilir (məsələn: hər səhər bir stəkan su içmək və ya bir neçə kilometr qaçmaq kimi). Bu müddət 18 ilə 254 gün arasında dəyişə bilər. Bununla yanaşı, özünü motivasiya etmək mərhələsindən iradəni işə salmaq mərhələsinə keçid üçün 66 gün lazım olduğu deyilir. Tələb olunan vaxt keçdikdən sonra əlavə səylərə ehtiyac olmadan hərəkətləri avtomatik olaraq yerinə yetirəcəksiniz. Belə ki, bu müddət ərzində beyin müqavimətini dayandıracaq və sabit sinir əlaqələri yaradacaq.
Yeni vərdişləri formalaşdırmaq niyə çətindir?
İnsan beyni yüksək enerjiyə malikdir, lakin onu istifadə etməyi sevmir. Əgər siz bir vərdiş üzərində aylarla və ya illərlə işləsəniz, bu, üzərində aylarla və ya illərlə işlənən standart proqram kimi asan dərəcəli proqram halına gəlir. Vərdiş üzərində yalnız bir neçə gündür işləyirsinizsə, o sizin üçün çətindir, çünki hələ standart hala gəlməmiş yeni proqramdır və buna görə də daha çox səy göstərməlisiniz. Əvvəl sizə çətin gələn şeyin üzərində işlədikcə zamanla o sizə daha sadə gəlir. Amerika psixologiyasının atası sayılan Viliyam Ceyms deyirdi: “Yeni vərdiş əldə edərkən və ya köhnə vərdişdən imtina edərkən bacardığınız qədər güclü və qətiyyətli təşəbbüskarlıq göstərməlisiniz. Yeni vərdiş həyatınızda tam möhkəmlənənə qədər heç vaxt istisnalara yol verməyin. Hər istisna diqqətlə yığdığınız yumağı əlinizdən atmaq kimidir. Yumağı əlinizdən qaçırtmağınız çəkdiyiniz zəhməti yenidən çəkməyinizə gətirib çıxaracaq.”