Bir çox valideyn uşağı ilə ünsiyyətdə tələyə düşür: sanki uşağın yaxşılığı üçün əlindən gələni edir, amma əslində yaxşılıq yalnız istək şəklində qalır. “Ən yaxşısını arzulamaq” və “əlindən gələni etmək” eyni şey deyil, çox vaxt biz valideyn olaraq, uşaq üçün əslində nəyin yaxşı olduğunu bilə bilmirik.
Hamımız irsiyyət və tərbiyənin məhsuluyuq və hər birimizin öz hekayəsi var. Bir çox valideyn, öz xoşbəxt uşaqlığını xatırlayaraq, valideynlərinin ənənəvi tərbiyə tərzini davam etdirir və övladlarını eyni şəkildə böyüdür. Digərləri isə əks istiqamətdə gedir ("Övladımın mənim uşaqlığımda çəkdiyim əziyyətləri çəkməsini istəmirəm”) və övladının bütün uğursuzluq və məyusluq hallarını kompensasiya etməyə çalışırlar. Bu davranışa proyeksiya deyilir.
Proyeksiya, bir insanın özünə xas olan fikirləri, hissləri və ehtiyacları digər insana aid etmə mexanizmidir. Bəs valideyn uşaq vaxtı ona tətbiq olunan tərbiyə modelini övladına tətbiq etsə nə ilə qarşılaşacaq? Təsəvvür edin ki, eyni ölçüdə bir karton üçbucaq və bir dördbucaq götürüb, dördbucağı üçbucağın içinə yerləşdirməyə çalışırsınız. Eynən valideyn-uşaq münasibətlərində uşaq üçbucaq, tədbiq olunan tərbiyə modeli isə dördbucaqdır, hər uşağa özünə uyğun model tətbiq etmək gərəkdir. Təbii ki, valideynlərin davranışı səmimi motivlərə əsaslanır, amma proyeksiyalar şüurlu deyil, yəni valideyn istəmədən də olsa uşağa zərər yetirə bilər. Məhz buna görə uşağın davranışında və ya hər hansı xüsusiyyətlərində şəxsi proyeksiyalarını ayıd etmək üçün valideynə xüsusi dürüstlük və dərk etmə qabiliyyəti tələb olunur.
Həyatda qarşılaşdığımız ən məşhur proyeksiya nümunələri: uğursuz bir balerina karyerası yaşamış ananın öz qızını uğurlu balerina olaraq böyütmək arzusu və ya iş adamı atanın oğlunu öz biznesinin davamçısı olaraq görmək istəyidir. Təbii ki, valideynlərlə uşaqların istəklərinin üst-üstə düşdüyü hallar da olur. Bəs üst-üstə düşmədiyi hallarda nə baş verir? Valideyn iradəsinə müqavimət göstərə bilməyən uşaqlar, öz istək və ambisiyalarından imtina edir və ortaya başqa sual çıxır: öz fikrini bildirmək hüququndan məhrum olan uşaq xoşbəxtdirmi?
Yunq K. Q. 1924-cü ilin may ayında Londonda keçirdiyi mühazirələr zamanı, uşaqlarda nevrozların səbəbinin valideynlərin şüursuz proyeksiyaları və nəticə etibarı ilə uşaqların özlərinə qarşı mənfi münasibəti mənimsəmələri olduğunu bir çox canlı və inandırıcı nümunə ilə nümayiş etdirib. Bu bir daha sübut edir ki, yaş fərqi və “həyat təcrübəsi” valideynləri “uşaq üçün ən yaxşısı” sahəsində universal bir mütəxəssis etmir. Valideynin uşaqlığı xoşbəxt olubsa belə, bu eyni ssenarinin onun uşaqları üçün də uyğun olacağına zəmanət vermir.
Uşaq-valideyn münasibətlərinə aid tövsiyələr:
1. Uşağın öz istək və arzuları olan fərd olduğunu başa düşüb qəbul etmək lazımdır. Valideyninə bənzəsə də, uşaq onun ikinci nüsxəsi və ya həyatı yenidən yaşamaq vasitəsi deyil.
2. Uşaqları dinləmək vacibdir; bu, tərbiyə prosesində proyeksiyalardan fərqli olaraq uşağı uğura yaxınlaşdırır.
3. Mümkündürsə, onları fərqli dərnəklərə yazdırın ki, uşağın fəaliyyətə öz marağı və istəyi yaransın.
4. Sizin valideyn olaraq həyatda hər hansı bir fəaliyyətə və ya peşəyə marağınız olubsa və ya varsa, bununla özünüz məşğul olmalısınız, əks təqdirdə arzunuz yerinə yetmədiyi üçün frustrasiya (insan istədiyinə nail olmadığında yaşadığı psixoloji vəziyyət, simptomlar - təşviş, əsəb, qeyri-məmnunluq halı və s.) yaşayacaqsınız. Övladınızı məcbur etməyin, bu sizi qeyri-məmnunluq hissindən azad etməyəcək. Əksinə, məsələn həyatınızda ən böyük arzu həkim olub başqalarına kömək etməkdirsə, oxumaq heç vaxt gec deyil, yox əgər məhz həkimliyi oxumağa artıq özünüzdə güc tapmırsınızsa, insanlara yardım edə biləcəyiniz başqa bir peşə və ya hobbi ilə məşğul ola bilərsiniz. Çünki bu istəyin arxasında insanlara kömək etmək tələbatı dayanırsa peşənin fərqi yoxdur.
5. Uşaqlığınızı dəyişə bilməzsiniz, amma övladınızla birgə ona xoşbəxt uşaqlıq bağışlaya bilərsiniz.