Yalan danışma səbəblərini “Uşaqlarda yalana meyil. 1ci hissə. Uşağım niyə yalan danışır?” adlı məqalədən öyrəndik, bəs sonra nə edək? Təkrar-təkrar yalanla qarşılaşan valideyn, bu yalanların arxasında duran mexanizmləri bilsə belə, ilk reaksiya olaraq, bir çox hallarda özünü itirir. Həmin an ağlımızda uşaqlığımızdan bəri böyüklərdən fərqli kontekstlərdə durmadan eşitdiyimiz “yalançı” sözü, və yalançılığın necə böyük bir mənfi cəhət olduğu haqqında fikirlər dönür. Bu halda, uşağınızın hələki məsum məqsədlər güdərək istifadə etdiyi, ancaq günümüzdə cəmiyyət tərəfindən bu qədər içtimai qınaq mənbəyi olan davranışdan necə qoruya bilərik?
Adətən yalan danışan uşaqların, ilk növbədə, özünəinamı və özünəhörməti zərər görür. Onlar bacarıq və qabiliyyətlərinin fərqində olmur, özlərini dəyərsiz, əlindən heç bir iş gəlməyən bir şəxs olaraq görürlər.
Burada valideynləri övladlarının fiziki sağlamlıqları ilə maraqlandıqları qədər, psixoloji sağlamlıqları ilə də maraqlanmaları önəmlidir. Unudulmamalıdır ki, psixoloji rifahsız bir uşağın fiziki ehtiyacları artıqlaması ilə ödənsə belə, o mənəvi problemlərdən əziyyət çəkməkdə davam edəcək və bu onun xarakterinin bir hissəsinə çevriləcək. Yaşa dolandan sonra da əldə etdiyi yüksək rütbə və vəzifələr, qazandığı var-dövlətlə xoşbəxt olmayacaq, həmişə daxilən mənəvi aclıq hiss edəcəkdir.
Övladının dəfələrlə yalan danışdığını müşahidə edən valideyn nə etməlidir?
- Hər zaman verdiyiniz sözü tutun. Yerinə yetirə bilməyəcəyiniz heç bir vədi uşağınıza verməyin. Əgər bəzi hallarda vədi yerinə yetirə bilmirsinizsə, uşağa niyə yerinə yetirə bilmədiyinizi izah edin və üzr istəyin.
- Dərhal üstünə getməyə və onu yalançı çıxartmağa tələsməyin. İnanmış kimi davranmayın, lakin sakit səslə onun dediklərinin sizdə şübhə doğurduğunu deyin. Uşağın sözlərinin arxasında duran həqiqət barədə övladınızla müzakirələr aparın. Etdiyi hər yanlışa görə onu günahlandırmağa, üstünə qışqırmağa tələsməyin. Unutmayın ki, belə hallarda yüksək tonlar olmadan sakit və ağlabatan söhbət ən yaxşı seçimdir. Özünüzə zaman verin ki, hirsiniz soyusun, daha sonra onunla bu barədə söhbət edərsiniz. Yadda saxlayın onu yalan danışmaqda ittiham etmək və qorxutmaq gələcəkdə yalan danışmağa davam etməsinə təkan verə bilər.
- Yalanın səbəbini anlamağa çalışın. Övladınızın niyə yalan danışdığını anladığınız zaman, səbəbini aradan qaldırmaq üzərində çalışın. Məsələn, o sizdən qorxursa, ona hiss etdirməlisiniz ki, yalan danışsa belə siz onu cəzalandırmayacaqsınız. Bu halda o gələcəkdə səhv etdikdə qorxmayacaq, hər bir şeyi sizinlə dürüst bölüşəcəkdir. Bu da problemlərin həllində ona bir böyük kimi istiqamət vermənizə, onu doğru qərarlar verməyə öyrətmənizə imkan yaradacaq.
- Ona inandığınızı hiss etdirin. Övladınıza onu şərtsiz sevdiyinizi tez-tez göstərin. Bəzi valideynlər uşaqlarının daim yalan danışacağını düşünür və ona inanmırlar. Uşaq düz dediyi halda “yalan danışırsan”, - deyə günahlandırır, bu da uşağı yalan danışmağa sövq edir. Necə deyərlər, mərdi qova-qova namərd edərlər. Həyatda hər kəsin böyük və ya kiçik səhvlər etməyə haqqı var və bunda heç bir qəbahət yoxdur.
Övladınızla dost olun. Hər bir situasiyada övladınız bilməlidir ki, valideynlərə yalan danışmağa ehtiyac yoxdur. Uşağınızın sizinlə səmimi olmasına nə mane olduğunu, müəyyən faktları niyə gizlətdiyini düşünün. Çalışın ki, uşağınızla münasibətiniz - aralarında yalana ehtiyacı olmayan yaxın insanların münasibətini təcəssüm etsin. Əgər uşağınızın sizinlə həyatının hər bir parçasını qorxmadan, çəkinmədən bölüşməyini istəyirsinizsə, onunla valideyn-övlad münasibəti ilə yanaşı dost olmağa da çalışın. Əgər uşağınıza açıq və dürüst olmağı öyrətmək istəyirsinizsə, o zaman siz ondan bəzən acı həqiqəti eşitməyə də hazır olmalısınız, yalnız xoşunuza gələni deyil. Buna gec olduğunu düşünürsüzsə belə, yenə də cəhd edin. Unutmayın ki, münasibətləri qaydasına qoymaq sizin də əlinizdədir.