Motivasiya daxili prosesdir. Onu heç kimə kənardan təlqin etmək mümkün deyil. Valideynlərin buraxdığı ən böyük səhvlərdən biri odur ki, onlar öz motivasiyalarını uşaqlarına ötürməyə çalışırlar. Halbuki burada onlar üçün daxili motivasiyanı dəstəkləyən mühit yaratmaq lazımdır.
Motivasiyanın düsturu kifayət qədər sadədir: fəaliyyət + məmnuniyyət = motivasiya.
İnsan hər zaman stres və təzyiqlə müşayiət olunan fəaliyyətdən uzaqlaşmağa çalışır. Bir insanda hər hansı bir fəaliyyətə həvəs yaratmaq istəyirsinizsə onun üçün uğurlu olacağı mühit yaradın və özünü yaxşı hiss etməsini təmin edin. Bu, motivasiyanın daxili mühərrikini formalaşdıracaq. Özünüz motivasiyanızın yüksək olduğu vaxtları yadınıza salın. Təbii ki, bu sizin zövq aldığınız bir işlə məşğul olduğunuz zaman baş verib. Eyni qayda uşaqların öyrənmə prosesinə də aiddir. Təhsil və məktəb barədə danışarkən “dərslərini oxu”, “çox çalış”, “məsuliyyətli ol”, “yüksək qiymət al” kimi əmr və xəbərdarlıq ifadə edən sözlərdən istifadə olunması təhsil prosesini stres və narahatlıq kimi neqativ duyğularla əlaqələndirir. Əksinə, “sənin dərs oxuduğunu görəndə çox sevinirəm”, “sənin çətinlik qarşısında geri çəkilməmən məni sevindirir”, “sənin maraqlı ideyaların var”, “özünü çox yaxşı ifadə edirsən” kimi pozitiv ifadələr uşaqları öyrənməyə həvəsləndirir.
Digər tərəfdən, əgər övladınızın uğurlu şagird və xoşbəxt şəxsiyyət olaraq yetişməsini istəyirsinizsə onun təhsilini məktəblə məhdudlaşdırmayın. Məktəbdə öyrədilən bilik və bacarıqlar uşaqların intellektual və sosial inkişafı üçün əhəmiyyətli olsa da, onların davranış modelləri, emosional və düşüncə şablonları əsasən ailədə formalaşır. Dolayısıyla, övladınızın bilik və ideyalar dünyasında uğurla yüksəlməsi üçün sizin dəstəyinizə ehtiyacı var. Ailədə stimullaşdırılan öyrənmə və kəşf etmə həvəsi onun təhsilində öz əksini tapacaq və akademik nəticələrinin yüksəlməsinə səbəb olacaq.
- Evdə oxuma mühiti yaradın
Mütaliə etməyi sevən uşaqlar öyrənməni də sevirlər. Oxumaqda çətinlik çəkənlər isə öyrənmə prosesində də çətinlik çəkir. Mütaliə edərkən uşaqlar söz ehtiyatını artırır, anlayışları qavrama və ünsiyyət qurma qabiliyyətlərini gücləndirirlər. Rahat oxuyan uşaqlar riyaziyyat və təbiət elmləri də daxil olmaqla, bütün sahələrdə güclü öyrənmə qabiliyyəti əldə edirlər.
Övladlarınız üçün daim oxuma atmosferi formalaşdırın. Azyaşlılar üçün tez-tez nağıl və hekayələr oxuyun. Özünüz də kitab və digər vəsaitlər oxumaqla onlara nümunə olun, tez-tez evdə hamının kitab oxuduğu xüsusi oxu saatları təşkil edin. Evə daim yeni kitablar və digər çap materialları alın. Zaman-zaman oxuduğunuz maraqlı məqamları bir birinizlə paylaşın və müzakirə edin.
Oxumanın maraqlı və əyləncəli bir fəaliyyət olduğunu nümayiş etdirin. Uşaqlar oxumanın darıxdırıcı olduğunu düşündükdə onların buna marağı və dolayısıyla öyrənmə həvəsi aşağı düşür. Onlara öz kitablarını seçməyə imkan yaradın, oxumalarına yardım edin və bu prosesə əyləncə qatan fəaliyyətlər həyata keçirin.
- Uşağa qərar vermə və seçmə hüququ verin
Uşaqların təhsildən uzaqlaşmalarının iki əsas səbəblərindən biri onların həddindən artıq nəzarət altında olmaları və ya nəzarətdən tam kənarda qalmalarıdır. Öyrənmə prosesində ən effektiv strategiya – uşaqların təzyiq göstərilmədən yönləndirilməsidir. Lakin onlar bu prosesi özləri idarə etməlidir. Evdə və ya məktəbdə uşaqların öyrənmə prosesinə bilavasitə töhfə verməsinə imkan yaradın, onlara seçim imkanı verin. Məsələn, yazı işi mövzusunun və ya sinifdən kənar fəaliyyət istiqamətlərinin uşağın özü tərəfindən seçilməsi buna aid edilə bilər. Öyrənmə mühiti, fəaliyyətləri və metodlarının formalaşdırılmasında uşaqlara nə qədər çox qərar və töhfə vermə imkanı verilərsə, onların bu prosesə marağı və motivasiyası bir o qədər yüksək olar.
- Açıq və səmimi ünsiyyəti təşviq edin
Övladınızın və ya şagirdinizin öz təhsil prosesi və bəzi ailə məsələləri haqqında fikirlərini və hisslərini bölüşməsini stimullaşdırın. Onun bu prosesdə nəyi bəyənib, nəyi bəyənməməsini ifadə etməsi üçün açıq ünsiyyət atmosferi yaradın. Razı olub-olmamağınızdan asılı olmayaraq fikirlərini ciddi qəbul etdiyinizi göstərin, onu mümkün olduğu qədər dəstəkləyin. Uşaqlar fikirləri ciddiyə alınmadıqda və ya sıxışdırıldıqda öyrənmə prosesindən soyuyurlar. Uşaqlar və yeniyetmələr fikirlərinin əhəmiyyətli olduğunu biləndə və mühakimə olunma, aşağılanma, diqqətdən kənar qalma qorxusu yaşamadan onları açıq şəkildə ifadə edəndə öyrənmə qabiliyyətləri inkişaf edir.
- Əsas diqqəti uşağınızı maraqlandıran sahələrə yönəldin
Öyrənmə prosesinə uşaq üçün nə qədər çox maraqlı olan sahə və mövzular daxil olarsa, bu proses onun üçün bir o qədər əyləncəli olar. Əgər uşağınızın həqiqətən də yaxşı şagird olmasını istəyirsinizsə, onu daha çox cəlb edən mövzu və fənnlərlə məşğul olmasına dəstək verin. Məsələn, əgər onu dinozavrlar maraqlandırırsa, onu bu mövzuya aid kitablar, hekayələr, filmlər, oyuncaqlar və digər vəsaitlərlə təmin edin. Sonra ondan özünün ən çox sevdiyi beş dinozavrı saymasını və nəyə görə məhz onları seçdiyini izah etməsini istəyin. Uşaq adətən özü üçün maraqlı və əyləncəli mövzuları dərindən araşdırır, bu isə onda araşdırma və öyrənmə qabiliyyətini gücləndirir və daha sonra digər sahələri öyrənməsinə də müsbət təsir edir.
- Müxtəlif öyrənmə tiplərindən istifadə edin
Hər bir uşağın daha yaxşı öyrənməsi üçün onun qavrama tipini müəyyən etmək vacibdir. Bəzi uşaqların dominant qavrama tipi vardır, bəziləri isə öyrənərkən müxtəlif tiplərdən istifadə edir. Uşaq üçün daha rahat olan öyrənmə tiplərini müəyyən etməklə düzgün metodlardan istifadə edərək onun qavrama dərəcəsini və öyrənmənin keyfiyyətini artırmaq olar. Vizual (görmə), eşitmə, kinestetik (fiziki fəaliyyət/toxunuş və obyektlərlə manipulyasiya), oxuma-yazma, məntiqi, sosial (qrup), tək və s. öyrənmə tipləri var. Məsələn, vizual tipli qavrama növünə malik uşaqlar prosesləri gözlə müşahidə etdikdə daha yaxşı başa düşürlərsə, eşitmə tipli uşaqlara mövzuları dinləmə və ya sözlü izah yolu ilə başa salmaq daha düzgündür. Adətən uşaqlar mövzulardan asılı olaraq bir neçə tipdən istifadə edirlər. Xüsusən azyaşlı uşaqlar üçün müxtəlif öyrənmə tiplərinin müəyyən olunub tətbiq edilməsi daha məqsədəuyğundur.
- Özünüz də daim yeni şeylər öyrənməyə həvəs göstərin
Həvəs yoluxucudur. Nahaq yerə deməyiblər ki, uşaqlar valideynlərindən nümunə götürürlər. Uşaqlara müsbət təsir etmənin ən yaxşı yolu özünüzdə müsbət dəyişikliklər etməkdir. Əgər siz daim inkişafa və öyrənməyə həvəsli olsanız, uşağınızın da öyrənməyə həvəsi mütləq artacaq. Sizi maraqlandıran hər hansı sahədə, məsələn, tarix, elm, ədəbiyyat, riyaziyyat və ya digər sahələrdə yeni araşdırmalar aparın, kitablar oxuyun, təcrübələr keçirin və uşağınıza öyrənmənin sonsuz həyəcan verən bir səyahət olduğunu nümayiş etdirin. Uşağa təzyiq etmədən və onu sıxmadan birlikdə hər hansı bir mövzunu işləmə və ya nəsə kəşf etmə şansını əldən buraxmayın. Övladınız öyrənmənin sizin həyatınıza gətirdiyi əyləncə və həyəcanı gördükdə o zaman onun da yeni şeylər öyrənmə həvəsi güclənəcək.
- Oyunlar vasitəsilə əyləncəli öyrənmə
Oyuna əsaslanan öyrənmə xüsusən qərb ölkələrində uzun zamandan bəri tətbiq olunan metoddur. Bu metod uşaqlar üçün daha dərindən öyrənmə və qeyri-bilik bacarıqlarının inkişafına imkan yaratmaqla yanaşı, həm də onların öyrənmə motivasiyasını artırır. Oyunun əyləncəli (məsələn, video oyunlar) və ya “ciddi” (məsələn, hərb oyunu) xarakter daşımasından asılı olmayaraq, bu prosesdə beyin yeni sistem kəşf etmənin zövqünü yaşayır və orqanizmdə dopamin adlı məmnuniyyət hormonu aktivləşir. Əyləncəli oyunlar uşaqlarda öyrənmə prosesində iştirak etmə həvəsini artırır.
Oyuna əsaslanan öyrənmə həm də qrupla birlikdə öyrənmə motivasiyasını artırır ki, bu da sinif şəraitində təhsil prosesinə müsbət təsir edir. Uşaqlar adətən oyun zamanı öz potensiallarından dərsə nisbətən daha çox istifadə edirlər. Oyunlar onlar üçün daha cəlbedicidir. Burada oyunların rəqabət tərəfi mühüm rol oynayır. Bu zaman uşaqlar özləri və ya komanda üçün, yaxud komandaya yenidən cəlb olunma şansı qazanmaq üçün mübarizə aparmağa, xal toplamağa və qalib gəlməyə çalışırlar.
Oyuna əsaslanan öyrənmə valideynlər və müəllimlər üçün yeni fikirləri, qrammatik anlayışları və ya bilikləri öyrənməyə həvəsləndirəcək şəkildə tətbiq etmək üçün gözəl imkan yaradır.
- Diqqəti uşağın qiymətlərinə yox, öyrəndiyi mövzulara yönəldin
Uşaq dərsdən evə gəldikdə ondan qiymətlərini soruşmaq əvəzinə, bu gün nə öyrəndiyini soruşun və hətta öyrəndiklərini sizə də öyrətməsini istəyin. Diqqəti uşağın nəticələrindən çox, onun öyrəndiyi mövzulara yönəldin. Nəticələr vacib olsa da, diqqəti onun öyrənmə prosesinə yönəltdikdə siz ona həqiqi öyrənmənin qiymətlərdən daha əhəmiyyətli olduğunu, nəticələrdən çox onun özü ilə maraqlandığınızı hiss etdirirsiniz. Eyni zamanda, uşağın öyrənmə prosesinə diqqət ayırdıqda siz ona öyrəndiklərini öz sözləri ilə ifadə etmə və biliklərini möhkəmləndirmə imkanı yaradırsınız.
- Uşağınıza nizamlı olmaqda yardım edin
Uşağın dəftər-kitabını, ləvazimatını və ev tapşırıqlarını nizama salmaqda ona yardım etməniz onun öyrənmə motivasiyası baxımından çox əhəmiyyətlidir. Nizamsızlıq kiçik yaşlı məktəblilər üçün xarakterik cəhət olsa da bu bir sıra hallarda uşaqların beynində həddən artıq yüklənmə duyğusu yaradır. Beyin yüklənməsi hiss edən uşaqlarda məyusluq və narahatlıq duyğuları artır, bu isə öz növbəsində onların dərslərə daha az vaxt ayırmasına səbəb olur. Davamlı şəkildə və səbrlə uşağınızın məktəb ləvazimatını və ev tapşırıqlarını nizama salmasına yardım edin. Bu halda o daha az yorğunluq hiss edəcək və öyrənmə motivasiyası yüksələcək.
- Onun nailiyyətlərinin fərqinə varın və onları qeyd edin
Miqyasından asılı olmayaraq, uşağın nailiyyətinin fərqinə varılması və onun qeyd edilməsi çox əhəmiyyətlidir. Xüsusən ibtidai məktəb şagirdləri öyrənmə motivasiyalarını yüksək tutmaq və irəliləmək üçün bu cür davamlı dəstəyə ehtiyac duyurlar. Burada ortabab nəticələrin təriflənməsi yox, nailiyyətin fərqinə varılması və qeyd edilməsi nəzərdə tutulur. Hansısa çətin ev tapşırığının yerinə yetirilməsi valideyn tərəfindən qeyd olunmağa layiqdir. (Diqqət!!! Uşaqları dərs nəticələrinə görə mükafatlandırarkən ehtiyatlı olmaq lazımdır. Mükafatdan sui-istifadə uşaqlarda dərsin özü-özlüyündə dəyərsiz olduğu fikrini yarada bilər və onlar əsas məqsədin mükafat almaq olduğunu düşünə bilərlər).
- Diqqətinizi onun güclü tərəflərinə yönəldin
Həddindən artıq zəif və bir çox fənndən çətinliyi olan uşaqların güclü cəhətlərini tapıb onlara diqqət yönəltmək kifayət qədər çətin ola bilər. Buna baxmayaraq, uşağın güclü cəhətlərinə diqqətin yönəldilməsi onun sağlam emosional və akademik inkişafı üçün mühüm rola malikdir. Bu, uşaqların davamlı öyrənmə motivasiyasını yüksəldən digər pozitiv dəstək formasıdır. Əksinə, diqqətin uşağın zəif cəhətlərinə yönəldilməsi onun ruhdan düşməsinə, sıxılmasına və öyrənmə arzusunu itirməsinə səbəb ola bilər. Məsələn, əgər uşaq riyaziyyat imtahanından zəif qiymət alıbsa, təbii ki, ona bu fənn üzrə müəyyən əlavə dəstək verilməlidir. Lakin bununla yanaşı, başqa bir fənndən aldığı yaxşı qiymət münasibətilə də onu təbrik etməyi unutmayın.
- Hər gün öyrənməni təşviq edin
“Hər gün öyrənmə” qəribə səslənsə də, əslində düzgün tətbiq edildikdə kifayət qədər səmərəlidir. Mümkün olduğu hər an uşağı ətraf aləmi tədqiq etməyə həvəsləndirin, ona suallar verin və məntiqi əlaqələr qurun. Ona gördüklərini və yaşadıqlarını kateqoriyalara ayrımaqda, təsnifat aparmaqda və tənqidi düşünməkdə yardım edin. Bu yanaşma uşaqda sinif, ev və digər yerlərdə də öyrənmə üçün daxili motivasiyanı artıracaq.
Yekun
Uşaqların əslində öyrənmək üçün motivasiyaya ehtiyacı yoxdur. Anadan olduğu gündən bəri onlar onsuz da yaşadıqları dünyanın mənasını anlamağa çalışırlar. Sərbəstlik hiss edən, maraqlandığı mövzuları araşdırmağa həvəsləndirilən uşaq, yaşından asılı olmayaraq, öyrənmə prosesində mütləq yüksək motivasiya nümayiş etdirəcəkdir. Biz isə onlara öz fikrimizi təlqin etməkdənsə özlərinin daxili motivasiyalarını formalaşdırmalarına şərait yaratmalıyıq.