Öyrənmə beynimizin təməl ehtiyaclarından biridir. Bizim öyrənməyə sonsuz marağımız və potensialımız var. Bunu başa düşmək üçün balaca uşağın davranışlarına baxmaq kifayətdir. O daim nəsə axtarır, əşyaları tədqiq edir, heyvanları, insanların hərəkətlərini maraqla müşahidə edir və təkrarlamağa çalışır. İnsan hər dəfə yeni bir şey öyrəndikdə onun beynində dopamin adlı məmnuniyyət hormonu aktivləşir və o özünü xoşbəxt hiss edir.
Əgər belədirsə, onda uşaqlar niyə məktəbdə keçilən dərslərə həvəssiz yanaşır?
Əslində insanın öyrənməyə marağı heç vaxt azalmır. Lakin məktəb yaşına çatana qədər hər bir uşaq öz ailəsində və özünəməxsus sosial-psixoloji mühitdə böyüyür. Bu vaxt ərzində onlarda fərqli maraqlar və qabiliyyətlər formalaşır. Məktəbdə isə bu fərqlər nəzərə alınmır və bütün uşaqlara eyni plan üzrə eyni dərs proqramı tədris olunur.
Bununla yanaşı böyümə prosesində uşaqların mənlik duyğusu da formalaşır. Onlar özlərinin cəmiyyətdəki yerini anlamağa və ailələrinin və cəmiyyətin onların üzərinə qoyduğu tələblərlə öz arzuları arasındakı ziddiyyətləri dərk etməyə başlayırlar. Tezliklə uşaqlar öz maraq və həvəslərini unudub, onlara verilən "ağıllı oğlan" "ağıllı qız" rollarını oynamağa, özlərini başqaları ilə müqayisə etməyə başlayırlar. Məktəb onlar üçün bilik ehtiyacını qarşılayan bir yer olmaqdan çıxıb, cəza və mükafat mexanizmləri ilə işləyən darıxdırıcı bir yerə çevrilir. Uşaqların çoxu öyrənmənin özü-özlüyündə maraqlı və məmnuniyyət yaradan proses olduğunu unudur və mükafat almaq, cəzadan qaçmaq və ya başqalarından üstün olmaq xatirinə oxumağa başlayırlar. Yəni onlar öz təbii daxili marağını süni xarici motivasiya ilə əvəz edirlər.
Digər tərəfdən, uşaqlar müasir dünya ilə ayaqlaşmaq, onun bir parçasına çevrilmək istəyir. Onlar məktəbdə keçdikləri dərslərlə öz maraqları və bacarıqları arasında əlaqə qura bilmədikdə öyrənmə ehtiyacını sosial şəbəkələr, kompüter oyunları və digər vasitələrlə ödəməyə çalışırlar. Bu tip müvəqqəti çarələr isə uşaqlarda sistemsiz bilik və bacarıqlar formalaşdırır, diqqət problemi yaradır, onları məqsədyönlü inkişafdan uzaqlaşdırır.
Belə olduğu halda məktəbdəki dərslərlə real həyat arasındakı əlaqəni anlamaq, maraq duyğusunu daim canlı saxlamaq, çətinliklər qarşısında duyğuları idarə etməyi bacarmaq mühüm əhəmiyyət kəsb edir.
Dərsə münasibəti formalaşdıran əsas amil
Təbii ki, sinif və ailədəki atmosfer, müəllimin xarakteri və bir sıra başqa amillər uşaqların dərslərə münasibətinə təsir edir. Lakin yenə də hər bir insanın öyrənməyə və gördüyü işə münasibəti onun bacarıqları və maraqları ilə müəyyən olunur.
Uşaqlar əsasən üç halda dərslərə maraq göstərmirlər:
- Dərslər həddindən artıq çətin olduqda.
- Dərslər çox asan olduqda.
- Uşaqlar oxuduqları dərsə dəyər vermədikdə.
Almaniyalı pedaqoq Tom Senninger insanın bilik və bacarıqlarla münasibətini üç zonaya ayırır: komfort zonası, təlaş zonası və öyrənmə zonası.
Komfort zonası
Bizim malik olduğumuz bilik və bacarıqlarımız bizim komfort zonamızı təşkil edir. Bu zonada qalanda biz özümüzü rahat hiss edirik, lakin yeni bir şey öyrənə bilmirk. Əgər dərs bizə yeni bir şey öyrətmirsə, idraki çətinlik yaratmırsa, biz inkişaf etmirik və darıxmağa başlayırıq.
Təlaş zonası
Bəzən isə düşdüyümüz vəziyyətdən heç cür baş çıxara bilmirik, mövzunu nə qədər oxusaq da, problemə hansı tərəfdən yanaşsaq da heç nə başa düşə bilmirik. Səbəbi sadədir: biz mövcud bilik və bacarıqlarımızın sərhədlərindən kənara çıxmışıq və xeyli uzaqlaşmışıq, yəni təlaş zonasına daxil olmuşuq. Bu zonada da biz heç bir yeni şey öyrənə bilmərik. Əksinə, bu zonada çox qalmaq stresi artırır və insanın özünə inamını aşağı salır.
Öyrənmə zonası
Öyrənmə zonası komfort zonası ilə təlaş zonasının arasında yerləşir. Biz yalnız öyrənmə zonasında olduqda inkişaf edirik. Öyrənmə zonasında özümüzü nə komfort zonasındakı qədər rahat, nə də təlaş zonasındakı qədər narahat hiss edirik. Bu vaxt tələb olunan bilik və bacarıqlar bizim üçün yeni olsa da əlçatmaz deyil. Bu elə bir zonadır ki, burada biz artıq malik olduğumuz bilik və bacarıqlardan istifadə etməklə yeni bacarıqlar formalaşdıra bilərik.
Zonalar arasında keçidlər
Öyrənmə zonası komfort zonasının bittiyi sahə ilə təlaş zonasının başladığı sahənin arasında yerləşir. Yəni, bədii şəkildə ifadə etməyə çalışsaq, öyrənmə zamanı bizim bir ayağımız komfort, digər ayağımız təlaş zonasında olur. Biz öyrəndikcə komfort zonamızı genişləndiririk. Bu gün bizim üçün təlaş zonasında olan mövzular əvvəlcə öyrənmə, sonra isə komfort zonamıza daxil olur. Biz inkişaf etmək istəyiriksə, öyrəndiyimiz mövzular komfort zonamıza daxil olan kimi bir addım irəliləyib özümüzə yeni öyrənmə zonası yaratmalıyıq. Bu proses daim davam etməlidir.
Zonalar və stres
Öyrənmə zonası ilə təlaş zonasının oxşar cəhəti odur ki, onların hər ikisində insan müəyyən stres yaşayır. Təlaş zonasında stres getdikcə artır və kəskin hal almağa başlayır. İnsan uzun müddət bu stresə dözə bilmir və dərsdən uzaqlaşır. Bunun əksinə olaraq, öyrənmə zamanı keçirilən stres müsbət xarakter daşıyır və diqqətin inkişafına xidmət edir. Bir müddət sonra öyrənmə həyata keçdikdə stresin yerini məmnuniyyət duyğusu alır.
Təlaş zonasından çıxmaq
Məktəbdə keçdiyiniz mövzu sizdə gərginlik və təlaş yaradırsa, deməli biliklərinizdə boşluqlar var. Geriyə qayıdıb buraxdığınız dərsləri öyrənməklə və ya başa düşmədiyiniz anlayışları aydınlaşdırmaqla yeni dərsi başa düşə bilərsiniz. Əgər öyrənmə mühiti olmayan, emosional və ya stresli ailədə böyümüsünüzsə, tətillərdə, dərsdən kənar vaxtlarda kitab və zehni inkişaf etdirən fəaliyyətlərdən uzaq qalırsınızsa, bu sizin diqqət, öyrənmə, məntiqi düşüncə kimi qabiliyyətinizə mənfi təsir edər və dərsləri ləng qavramağınıza səbəb ola bilər. Bu halda da inamsızlığa ehtiyac yoxdur. Siz sadəcə bir müddət dərslərə daha çox vaxt ayırmalısınız. Başqalarının ailəsindən aldığı keyfiyyətləri öz çalışqanlığınızla əldə edə bilərsiniz.
Dərsə dəyər vermə
Hər bir insan öz gələcəyi ilə əlaqədar xəyallar qurur və xəyalında özünü uğurlu və xoşbəxt insan kimi təsəvvür edir. Lakin çox vaxt bu xəyallarda konkretlik olmur. Biz xəyalımızdakı həyata necə nail olacağımızı aydın təsəvvür etmirik və gənc olmanın verdiyi nikbinliklə xoşbəxt gələcəyin sanki özü-özlüyündə baş verəcəyini düşünür, hər bir uğurun arxasında məqsədyönlü çalışmanın dayandığını unuduruq. Belə olduğu halda biz öz xəyallarımızla dərslərimiz arasında əlaqə qura bilmirik və dərslərə lazımi dəyəri vermirik.
Bəzən də gələcəkdə texniki ixtisas seçəcəyini düşünən uşaqlar ədəbiyyat, tarix kimi fənləri, humanitar sahəni seçənlər isə fizika, kimya kimi fənləri öyrənmənin əhəmiyyətini başa düşmür. Halbuki ədəbiyyat bizim söz və ideya ehtiyatımızı artırır, obrazlı düşünmə, həyatın detallarını görmə, başqalarının duyğularını anlama kimi qabiliyyətləri formalaşdırır; tarix - cəmiyyətin və insanın formalaşmasını, münasibətlərin təkamülünü öyrədir; riyaziyyat, fizika, kimya kimi fənlər məntiqi düşünmə, problem həll etmə, sadə və mürəkkəb sistemləri anlama qabiliyyətləri formalaşdırır. Ən önəmlisi isə müxtəlif fənləri öyrənmək beynimizdə mürəkkəb neyron (beyin hüceyrələri) əlaqələrinin yaranmasına səbəb olur, bizdə davamlı öyrənmə, əhatəli düşünmə qabiliyyəti formalaşdırır. Bu qabiliyyətlər seçdiyimiz ixtisaslardan asılı olmayaraq bütün həyat boyu bizə lazım olacaq.
Axın halı
Macar psixoloqu Mixay Çiksentmixayinin fikrincə, insan gördüyü işin (öyrəndiyi dərsin) çətinlik dərəcəsi ilə öz bacarıqları arasındakı əlaqəni düzgün tənzimlədikdə iş və ya öyrənmə axıcı prosesə çevrilir. Bu vəziyyəti o, axın halı adlandırır. Axın elə bir vəziyyətdir ki, bu vaxt insan bütün diqqətini işə verir, bacarıqlarından maksimum istifadə edir, eqosunu unudur və özünü tam xoşbəxt hiss edir. O, bir növ, gördüyü işlə “bütünləşir”. Axın halında hər bir addım özündən əvvəlki addımdan, hər bir fikir özündən əvvəlki fikirdən yaranır. Bu elə bir haldır ki, bu vaxt:
- sizin bacarıqlarınızla işin (dərsin) çətinlik dərəcəsi arasında vəhdət yaranır,
- fəaliyyət tam şüurlu forma alır,
- hədəflər aydın olur,
- dərhal və birmənalı əks əlaqə yaranır (məsələn, öyrəndiyiniz yeni bir şey sizin biliyinizə çevrilir, sonra ondan istifadə edib başqa bir şey öyrənə bilirsiniz)
- diqqət tam olaraq mövcud işə (dərsə) yönəlir,
- vəziyyətə nəzarət etmə arzusu itir,
- zaman duyğusu itir,
- mənlik şüuru yox olur,
- yaşadığınız təcrübə özü öz məqsədinə çevrilir.
Əgər gördüyünüz iş (öyrəndiyiniz dərs) sizin üçün çox çətin və ya çox asandırsa axın halı yarana bilməz. Axın halına nail olmaq üçün həm işin (dərsin) çətinlik dərəcəsi, həm də sizin bacarıqlarınız yüksək və bir-birinə uyğun olmalıdır. Zəif bacarıqla, asan iş arasında uyğunluq olsa belə bu hal axına yox, apatiya (maraqsızlıq, həyəcansızlıq) halına səbəb olur.
Yekun
Beləliklə, məktəbdə öyrənmə prosesində həvəsinizi canlandırmaq üçün mütləq bilik və bacarıqlarınızı dərs proqramına uyğun səviyyəyə gətirməlisiniz. Əgər yüksək zəkaya sahibsinizsə və dərslər sizə kifayət qədər çətinlik yaratmırsa, dərsdən əlavə materiallar və ya çalışmalarla zehni tələbatlarınızı ödəyə bilərsiniz. Əgər ailənizdən, yaşadığınız sosial-psixoloji mühitdən irəli gələn zehni çətinlikləriniz varsa, əlavə çalışmaqla onları aradan qaldıra bilərsiniz. Əvvəlcə çətinlik çəksəniz də, çalışdıqca bacarıqlarınız itilənəcək və zövq duyğusu yaranmağa başlayacaq. Çalışdıqca iş (dərs) daha yaxşı alınmağa başlayacaq, alındıqca isə prosesdən daha çox zövq duymağa başlayacaqsınız.
Çətinliklərə sinə gərmək üçün böyük xəyallara ehtiyacınız var. Böyük xəyallar qurun, onları hədəflərə çevirin, bu hədəflərlə dərsləriniz arasında əlaqəni dərk edin. Bu sizə güc verəcək. Əvvəlcə xəyallarınızdan güc alaraq irəliləyəcəksiniz, sonra öyrənmənin özü məqsədə çevriləcək. Yəni öyrənmək üçün öyrənəcək və bunun özünün ən böyük xoşbəxtlik olduğunu başa düşəcəksiniz. Hər yeni bir şey öyrəndikdə daxili məmnuniyyət hiss edəcəksiniz və başqa mükafata ehtiyacınız qalmayacaq.
Bir gün ətrafa baxıb əzminiz, qabiliyyətləriniz sayəsində əldə etdiyiniz nailiyyətləri görəcəksiniz. O vaxt bu sizə adi hal, sadəcə öyrənmənin, yaratmanın yanında verilən bonus kimi görünəcək. Çünki heç bir mükafat axın halında yaşadığınız xoşbəxtlik duyğusu ilə müqayisə oluna bilməz.