Təşviş nədir və hansı növləri var?
- situativ (reaktiv) təşviş – qeyri-müəyyən təhlükə zamanı yaranan emosional hal;
- şəxsiyyət təşvişi – təşviş halına meyillilik kimi qeyd olunan fərdi psixoloji xüsusiyyət. Bu meyilliliyin əsasında yüksək emosional həssaslıq, təhlükə hissi və naratlıq durur.
Bu tipologiyanı məşhur psixoloq Ç. Spilberq tərəfindən təklif olunub. Ç. Spilberqin fikrincə təşviş subyektiv təhlükə və ya gərginlik hissinin yaşanmasından irəli gələrək əsəb sisteminin aktivləşməsi halıdır.
Reaktiv (situativ) təşviş dedikdə insanın hadisənin vacibliyi və çətinliyi qarşısında, başqaları tərəfindən qiymətləndirilməsi gözlənildiyi vəziyyətlərdə həmin an yaşadığı gərginlik, həyəcan, əsəbilik başa düşülür.
Təşviş fərdi xüsusiyyət kimi obyektiv heç bir təhlükə ehtiva etməyən bir sıra vəziyyətləri təhlükəli kimi qiymətləndirərək təşviş keçirməyə və ya həyəcanlı reaksiya göstərməyə meylli şəxsiyyət tiplərinə deyilir.
Situativ təşviş daha çox emosiyaları əks etdirir və subyektiv gərginlik, narahatlıq, əsəbilik, özünə yer tapa bilməmək hissi ilə xarakterizə olunur. Təşvişli şəxsiyyət tipinə aid xarakterik təşviş isə hər bir hadisəni təhlükəli kimi görməyə meyllilik, əsassız qorxu və müəyyən səbəbi olmayan təhlükə hissi şəklində reallaşır. Təşviş şəxsiyyət xüsusiyyətləri olan insanlar adətən hər şeyin təhlükə daşıdığını düşündüyü üçün davamlı olaraq sıxıntı keçirir, ətraf mühit ilə çətin əlaqəyə girirlər.
Situativ təşviş hər bir insan üçün normal reaksiya hesab olunur və çox vaxt sosial-psixoloji stress yaşadan amillərə reaksiya olaraq meydana çıxır. Bu amillər cəmiyyətdə əhəmiyyəti yüksək olan proseslər, hadisələrdir. Məsələn, yaxın bir insanı və ya bahalı əşyanı itirmək, qarşı tərəfdən mənfi reaksiya və ya qiymət gözləmək, hər hansı vacib bir hadisədə uğursuzluq ehtimalı situativ təşvişə səbəb ola bilər. Situativ təşvişin öhdəsindən gəlmək üçün insanlar fərqli yanaşmalar göstərə bilər. Burada önəmli olan təşvişli vəziyyətdən destruktiv yox, konstruktiv nəticə ilə çıxmaqdır.
Təşvişin şəxsiyyət xüsusiyyəti olmasına bir sıra səbəb ola bilər. Əsəb sisteminin xüsusiyyətləri, xasiyyət, şəxsin tərbiyə prosesində nümunə olaraq görüb götürdüyü və ya böyüdüyü sosial mühitdə qarşılaşdığı hadisə və davranışlara qarşı formalaşdırdığı reaksiya strategiyaları bu səbəblərdən bəziləridir.
Həmçinin Ç. Spilberq bu təşviş növlərini ölçmək üçün şkalalar tərtib edib. Bu şkalalar artıq dəfələrlə sınaqdan keçirilib və fərqli şəraitlərdə, fərqli insan qrupları üzərində etibarlılığını sübut edilib.