Uşaq oynamaqdan yorulmaz, tənbəl - yatmaqdan.
Tənbəllik - vaxtı zəhmət və ya əmək sərf etmədən boş keçirməyə üstünlük verməkdir. Diqqəti bir şeyə yönəltmək üçün əslində biz kifayət qədər enerji sərf etməliyik. Elmdə bu prosesə tormozlama deyilir. Nə qədər paradoksal səslənsə də həm fiziki, həm də zehni hərəkətsizliyi qorumaq üçün müəyyən qədər enerji sərf olunmalıdır. İnsan xüsusi bir işə diqqət yetirdiyi zaman onun mərkəzi sinir sistemi gərginləşir. Diqqətin cəmlənməsi üçün orqanizmin lazımi enerjini sərf etmək istəməməsi elə tənbəlliyin səbəblərindən biridir.
Tənbəllik bu və ya digər işi niyə etməli olduğumuzu dərk etmədiyimiz zaman, kifayət qədər motivasiyamız olmadıqda ortaya çıxır. Nail olmağa çalışdığınız məqsəd əhəmiyyətli olduqda, tənbəllikdən əsər - əlamət qalmır. Məsələn: bir insan iş yerində çalışqan, produktiv və kifayət qədər məsuliyyətlidir. O, rəhbərlik tərəfdən verilən bütün tapşırıqları vaxtı-vaxtında yerinə yetirir. Lakin onun ev işlərini görməyə (yorğun olmasa belə) marağı yoxdur. Evdə ona tənbəl kimi baxılır, lakin burada səbəblərdən biri elə məhz motivasiyadır. Belə ki, iş yerində gördüyü işin müqabilində hər ayın sonu müavinət alır, ev işlərinə görə isə mükafatlandırılmır. Tənbəllik çox vaxt tərbiyə üslubundan da qaynaqlana bilər. Belə ki, bəzi valideynlər övladına qarşı hiper-qayğı sərgiləyərək onun gələcəkdə tənbəl kimi yetişməsinə səbəb olur. Belə uşaqlar hər şeyi onun əvəzinə başqasının edəcəyinə əmin olur. O, bunu norma kimi qəbul edə və böyüdüyü zaman da ətrafdan bunu gözləyə bilər. Bu kateqoriyaya ən çox oğlan uşaqlarını aid etmək olar. Bəzən analar oğlanı qızdan fərqli olaraq heç bir işə buyurmur, ələlxsus da bu oğlan bir neçə qız övladdan sonra dünyaya gəlibsə. Ana oğlunun yerinə onun yatağını düzəldir, yemək və çayı önünə gətirir və sonra onun yerinə yığışdırır. Belə analar oğullarını evləndirdikdə heç bir qızı ona layiq görmür. Nəticədə uşaq böyüyüb boya başa çatdıqda müstəqil ola bilməməklə yanaşı, heç bir işə maraq və istəyi olmur. Bu kimi hallarla gələcəkdə qarşılaşmamaq üçün valideyn övladını daim işə buyurmalı və onu uşaqlıqdan zəhmətkeş ruhda yetişdirməlidir. Tənbəl insanı bəzən məqsədsiz insan da adlandırmaq olar.
Bəzi psixoloqlar tənbəllik maskasının arxasında qorxu və narahatlığın gizləndiyini də qeyd edir. Burada söhbət yeni bir işə başlamağın narahatlığından və uğursuzluq qorxusundan gedir.
Lakin tənbəlliyi hər zaman mənfi keyfiyyətlərin göstəricisi kimi qəbul etmək düzgün deyil. Bəzən tənbəlliyin arxasında depressiya, vitamin çatışmazlığı (avitaminoz), monoton və mənasız fəaliyyət və bu kimi başqa neqativ proseslər dayana bilər. Bizim tənbəllik kimi gördüyümüz, əslində, insanın ruhi və fiziki yorğunluğu ola bilər. Belə olduğu halda orqanizm özünü bərpa etmək üçün dincəlməli, başqa sözlə desək tənbəllik etməlidir. Bir müddətdən sonra orqanizm özünü bərpa edərək, insanın əvvəlki aktiv həyatına davam etməsinə kömək edir. Lakin elə hallar da olur ki, tənbəllik uzun müddət davam edir, insan özünü heç bir işə məcbur edə bilmir. Burada artıq söhbət depressiyadan gedir. Bu kimi hallarla qarşılaşan insanın mütləq şəkildə mütəxəssis köməyindən istifadə etməsi vacibdir.
Tənbəlliyin öhdəsindən yalnız siz özünüz gələ bilərsiniz. Özünüzü, hətta ən xırda uğur qazandığınızda belə tərifləyin. Uğur sizin öz səylərinizin bəhrəsidir və müsbət nəticə əldə etmək üçün yaranan məsuliyyət hissi özünüzə inamınızı artıracaq. Bunu dərk etməyiniz sizi tənbəllikdən xilas edərək daha məqsədyönlü biri olamağınıza səbəb olacaq.
Tənbəl insan unutmamalıdır ki, o ən pis ziyanı məhz özünə vurur.