Stereotiplər – bir qrup sosial üzvün təsvirinin sadələşdirilməsi üçün onlara aid edilən xüsusiyyətlərdir. Bu həm fiziki (məsələn, ruslar sarışındır), həm də psixoloji (məsələn, almanlar dəqiqdir) xüsusiyyətlər ola bilər. Stereotiplər insan həyatına mənfi təsir göstərsə də, müsbət cəhət olaraq – insanın qiymətləndirmə prosesinə sərf etdiyi güc və vaxtı azaltmaq üçün formalaşan bir funksiyadır.
Qədim zamanlardan bəri insan sağ qalmaq məqsədilə qrup şəklində, icmalar yaradaraq yaşayırdı. Zaman keçdikcə bu qruplar birləşərək etnik qruplara çevrilir, beləcə müxtəlif qruplararası həm dost, həm düşmən xarakterli münasibətlər formalaşır. Elə o zamandan bəri hər bir insan üçün aid olduğu qrup böyük əhəmiyyət daşıyır. Demoqrafiyanın inkişafına görə etnik qrupların sayı durmadan artır, nəticədə insan həyatı boyu müxtəlif tip insanlarla qarşılaşır. İnsan yeni tanışlıq zamanı qarşı tərəfi fərdi şəkildə qiymətləndirməkdə çətinlik çəkir. Həmin insana onun aid olduğu qrupa məxsus stereotiplərdən irəli gələrək xüsusiyyətləri ona xas kimi (bu xüsusiyyətlər insanda olmasa belə) qəbul edir. Müşahidə zamanı üzə çıxan xüsusiyyətlər artıq qrup haqqında bir obraz formalaşdırır ki, bu obraz da stereotipin yaranmasına dəlalət edir. Hər bir insanın həm aid olduğu, həm də digər olduğu qruplara xas stereotipləri vardır. Adətən, insanın aid olduğu və dost qruplara dair müsbət, rəqib və ya fərqli qruplara dair isə mənfi stereotipləri olur. Beləliklə, daxili obraz yuxarı, xarici obraz isə aşağı qiymətləndirilir.
Hər bir sosial qrupa aid edilən stereotipin bir neçə formalaşma yolu ola bilər:
- insan həyatı boyu qarşılaşdığı digər sosial qrup üzv/üzvlərində müşahidə etdiyi xüsusiyyətləri oradakı bütün üzvlərə aid edir;
- aid olduğu kiçik qrupda (ailə, dost, sinif və s.) formalaşmış stereotiplər onun özü də qəbul edir;
- aid olduğu böyük qruplar (milliyət, peşə və s.) tərəfindən qəbul edilmiş stereotipləri özü də qəbul edir.
Stereotiplər həm böyük, həm də kiçik sosial qruplara aid edilə, insanın aid olduğu qrupdan asılı olaraq isə mənfi və müsbət ola bilər. Böyük qruplara etnik (etnostereotiplər: yahudilər hiyləgərdir, yaponlar zəhmətkeşdir və s.), gender (cinsə xas xüsusiyyətlər: kişilər məqsədyönlüdür, qadınlar həssasdır və s.), peşə (məsələn: həkimlər soyuqqanlıdır, bank işçiləri imkanlıdır və s.) və s. kimi fərqli stereotipləri aid etmək olar. İnsan peşə seçimini fərdi xüsusiyyətlərinə, bacarıq və biliklərinə uyğun seçsə belə, qarışıq stereotiplər buna mane ola bilər. Buna misal olaraq: mühəndislik, riyaziyyatçı kişilərə; dilçilik, modellik isə qadınlara xas peşələr kimi qəbul olunur.
Stereotiplər bir tərəfdən statistikaya görə tez-tez qarşılaşdığımız hal olsa belə, bir çox hallarda reallıqdan fərqlənə və bir sıra problemlərə gətirə bilər. Tarix göstərir ki, bu kimi problemlərin həlli bəzən əsrlər belə çəkə bilər. Hər bir insan individualdır və özünə xas fərdi xüsusiyyətləri var. Əkizlər ortaq genofona malik olub eyni şəraitdə böyüsələr belə, eyni olmurlar.
Bir insanla tanış olduqda onu stereotip üzrə yox fərdi xüsusiyyətlərinə görə qiymətləndirin.
Hər zaman fərdi və fərqli şəkildə düşünməyə çalışın!