Özünüdərketmənin formalaşması və identikliyin inkişafı prosesində yeniyetməlik dövrü mühüm mərhələdir. Bu yaş dönəmində yeniyetmələr üçün həmyaşıdları ilə ünsiyyət ön plana çıxır. Daha öncə yeniyetmələrin sosiallaşma tendensiyasını müxtəlif qeyri-formal sosial qruplar yönləndirirdisə, bu gün isə bu rolu internet, xüsusilə də sosial şəbəkələr həyata keçirir. Sosial şəbəkələr vasitəsilə yeniyetmələr ünsiyyət üsullarını və formasını seçir, özünü ifadə etmək azadlığı əldə edirlər. Lakin bu kimi hallarda yeniyetmələrin qarşılaşa biləcəyi problemlər barədə də danışmaq önəmlidir. Belə problemlərdən biri də aqressiyadır. Sosial şəbəkələrdə aqressiyadan danışarkən iki müxtəlif prosesdən söhbət gedə bilər. Birinci halda, aqressiya müxtəlif kobud və təhlükəli kontentin yerləşdirilməsi vasitəsiylə nümayiş etdirilir, ikinci halda isə sosial şəbəkələrin istifadəçiləri başqa şəxsə qarşı aqressiv davranışlar nümayiş etdirir. İkinci halda kiberbulinqdən söhbət gedə bilər.
Kiberbulinq - sosial şəbəkələrdə həyata keçirilən aqressiv davranışa deyilir. Son zamanlar aparılan müasir araşdırmalar göstərir ki, kiberbulinq halları 12-18 yaşlı yeniyetmələr arasında 67% təşkil edir. Adətən kiberbulinq qəsdlə edilir, yeniyetmələr sosial şəbəkələr vasitəsilə həmyaşıdlarını qorxutmaq, alçaltmaq, təhqir etmək, tənqid etmək istəyirlər. Kiberbulinqin qurbanları, adətən, müxtəlif bu kimi mənfi təcrübələrə məruz qalaraq bundan uzun müddət belə əziyyət çəkə bilərlər. Bunun neqativ təsirləri utanc, qəzəb, depressiya, özünüqiymətləndirmə səviyyəsinin aşağı enməsi, aqressiv davranış, inamsızlıq, narahatlıq kimi özünü biruzə verə bilər, hətta daha ağır fəsadlara gətirib çıxara bilər.
Burada ilkin və mühüm məsələlərdən biri kiberbulinqin səbəblərinin üzə çıxarılmasıdır. E. Pibles, G. Şteffen, K. Varyas kimi alimlər və həmmüəlliflər yeniyetmələrdə kiberbulinqin səbəblərini araşdırıblar. Əsas səbəblər arasında, aqressorun (bulinqi həyata keçirən şəxs) özünün keçmişdə aqressiyaya məruz qalması faktoru, peşmanlıq hissi əskikliyi, qəzəb, qısqanclıq və məyusluq hisslərinin keçirilməsi, özünəinam problemləri, sosial mübarizə ideyaları, başqaları üzərində hakimiyyət və üstünlük isdəyi və s. kimi səbələr müəyyən edilmişdir.
İndiki zəmanədə kiberbulinqin qarşısının alınması çox önəmlidir. Profilaktika kimi internet-platformaların təhlükəsizlik səviyyəsinin artırılması, uşaqlara və valideynlərə sosial şəbəkələrdən adekvat istifadə yollarının öyrədilməsi kimi görülməsi faydalı olacaq işləri nümünə gətirmək olar. Məktəblərdə yeniyetmələrin aqressiv davranışının diaqnostikası üçün xüsusi proqramlar hazırlanır ki, bu da pedaqoji işçilərin psixoloji səriştəlilik səviyyəsini yüksəldir və yetkinlik yaşına çatmayanların həmyaşıdları ilə qarşılıqlı münasibətlərindəki psixoloji problemlərin profilaktikasında öz mühüm rolunu oynayır. Eləcə də "onlayn" zorakılıqdan zərər çəkmiş şəxslərlə, həm də aqressorlarla da psixoterapiyanın fərdi və qrup üsullarının istifadəsi praktikada özünü doğruldub.
Valideynlər üçün tövsiyələr
İndiki zamanədə yeniyetmələrin elektron cihazlardan istifadəsini məhdudlaşdırmaq və ya bunu tam nəzarətdə saxlamaq mümkün deyil. Nəzərə alsaq ki, biz özümüz də bu cihazlardan bir çox faydalı işlərdə istifadə edirik, deməli yeniyetmələrin həyatında da onlar vacib rol oynayır. Burada problemin həlli elektron cihazların qadağası deyil, onlardan düzgün istifadə etmeyi öyrətməkdir, məsələn lazımi məlumatları axtarmaq, dostları ilə ünsiyyət qurmaq üçün. Yeniyetmələrə izah etmək lazımdır ki, onları incidən və ya təhqir edən istifadəçini şikayyət etmək mümkündür. Səbrlə və mütəmadi olaraq onu açıq dialoqa təşviq edin. Uşaqlar internetdə problemlər yarandıqda kimə müraciət edəcəklərini bilməlidirlər. Valideynlər üçün ünsiyyətə açıqlığı necə formalaşdırmalı və yeniyetmələrə bu vəziyyətdə necə hərəkət edəcəklərini başa salmaq vacibdir. Həmçinin yadda saxlamaq lazımdır ki, yeniyetməyə öz qorxuları və problemləri haqqında danışmağı öyrətmək, ona cəza tətbiq etməkdən daha səmərəlidir.