Bulinq bütün dünyada yayılmış aktual bir məsələdir. Beynəlxalq statistikaya görə, dünyada hər üçüncü uşaq bulinqdən əziyyət çəkir. Bir çox araşdırmalar onu göstərir ki, hal-hazırda ölkəmizdə də bulinq halları geniş yayılıb.
Bulinq - qrupun bir və ya bir neçə üzvlərinə qarşı aqressiyanın və ya psixoloji təzyiqin sistematik bir təzahürüdür.
Bu davranışda üç əsas rol müşahidə olunur: aqressor, qurban və müşahidəçi.
Sübut olunub ki, bulinq hər bir iştirakçıda - həm qurbanda, həm aqressorda, həm də müşahidəçidə çox ciddi izlər qoyur. Qurban üçün bu travmatik bir təcrübədir və yeniyetmənin şəxsiyyətinin inkişafına, özünüqiymətləndirməsinə, eləcə də həmyaşıdları ilə qarşılıqlı münasibətinə mənfi təsir göstərir. Bulinq "qurbanları" həssas, qapalı və utancaq insanlar kimi xarakterizə olunur. Bu şəxslərdə yüksək təşviş müşahidə olunur, özünüqiymətləndirmələri də adətən aşağıdır. Qeyd etmək lazımdır ki, qurbanın hər hansı bir xüsusiyyəti bulinqə səbəb ola bilər — fiziki çatışmazlıqlar, müəllimlərin qeyri-müəyyən münasibəti, psixoloji xüsusiyyətlər və s. Aqressorlar qrup üzrə orta və ya aşağı səviyyə təşvişə malikdirlər, onlarda dominantlıq və başqalarını özünə hakim etmə tələbatı çox yüksəkdir, davranışlarında aqressiya müşahidə olunur, və bir qayda olaraq, onlar bu kimi davranışa xüsusi önəm vermir, fəsadları haqda düşünmür və ona haqq qazandırırlar. Müşahidəçilər mövqeyinə görə bir neçə qrupa bölünür: aqressorların köməkçiləri olan müşahidəçilərdə orta səviyyəli özünüqiymətləndirmə, qurbanların müdafiəçiləri kimi çıxış edən müşahidəçilərdə isə son dərəcə yüksək özünüqiymətləndirmə aşkar edilir. Neytral müşahidəçilər isə kifayət qədər yüksək dözümlülüyü ilə xarakterizə olunur.
Araşdırmalar göstərir ki, aqressorluq daha çox valideynlər tərəfindən diqqətsizlik və isti münasibətin göstərilmədiyi uşaqlarda özünü büruzə verir. Belə valideynlər həmçinin adətən uşağin ətrafdakı insanlara qarşı olan aqressiv münasibətini görməməzlikdən gəlirlər. Aqressorluğun bir başqa tərəfi isə uşağın valideynləri tərəfindən aqressiv davranışa məruz qalması və bu kimi halların nəticəsi olaraq uşağın - özünü müdafiyə etməyin yeganə yolunun gücünü göstərmək olması fikrinin formalaşmasıdır.
Məktəb mühiti də bulinqin yaranmasına təsir göstərir. Birincisi, məktəbin mövqeyi bulinqə qarşı münasibətdə müəyyən ikitərəflilik ilə səciyyələnir. Belə ki, məktəb heyyəti bulinqin qaynaqlarını yeniyetmələrin psixoloji xüsusiyyətlərində axtarmağa daha çox meyillidir, bunu öz mövqeyi ilə və ya məktəbdə olan atmosferlə əlaqələndirməkdən çəkinirlər. İkincisi, məktəblərdə bulinqin nə əsl səbəbini, nə də miqyasını adətən dərk etmirlər.
Müəllimlər üçün tövsiyyələr.
Sinifdə olan bulinqin qarşısının alınmasında müəlimin rolu çox mühümdür.
Müəllim sinifdə rolların necə düzgün bölüşdürülməsini bilməli və bu prosesi yönləndirməyi və ona təsir göstərməyi bacarmalıdır, sinifdə şagirdləri sevdikləri və sevmədiklərinə bölməməli, bərabərsizlik hissi yaratmamalıdır. İdarəetmə vasitəsi kimi uğur situasiyalarının yaradılması, yaradıcı məqsədlərin birgə qoyulması və münasibətlərdə bulinqi və bərabərsizliyi istisna edən dəyərlər və qaydaların formalaşdırılması işə yaxşı yarayır.
Yaxşı olardı ki, müəllimlər uşaqlarla birlikdə sinif qaydalarının təkmilləşdirilməsinə təşəbbüs göstərsinlər, bu qaydaların yerinə yetirilməsi üçün geridönüş formaları yaratsınlar və bu qaydaları pozan hərəkətlərə aydın mənəvi qiymət versinlər. Daha əlverişli olar ki, bu proses məktəb konfranslarının keçirilməsi ilə başlanılsın və burada şagirdlər və valideynlər antibulinq (bulinqə qarşı) proqramı haqqında maarifləndirilsinlər.