Şagirdin vəzifəsi dərs oxumaqdır, lakin nəzərə almaq lazımdır ki, bu zaman onun fikirini yayındıran “N” sayda əyləncələr ola bilər. Hər bir işdə motivasiyanın vacib olduğu kimi dərs oxumaq zamanı da motivasiya olmayanda çox çətin olur. Motivasiya irəlləməyə, çətin situasiya zamanı həllər tapmağa, eləcə də çətin vəziyyətlərə düşməməyə yardımçı olur. Bir valideyn kimi siz bu istiqamətdə doğru və yanlışlar barədə məlumatlı olmalısınız. Aşağıda qeyd olunanlar sizə kömək ola bilər:
– Səbəbi müəyyən edin. Uşağınızın niyə dərs oxumaq istəmədiyini anlamağa çalışın.
– Fiziki cəzalandırma səhv seçimdir. Bu metodla siz oxumağa sevgi yaratmaq əvəzinə vəziyyəti daha da gərginləşdirə bilərsiniz.
– Həvəsləndirin! Kiçik uğurlarını belə qeyd edin! Vaxtında etdiyi müsbət işə görə həvəsləndirici hədiyyə ilə mükafatlandırın və ya diqqət göstərin. Lakin təqdim olunan hədiyyənin də görülən işin HƏCMİNƏ uyğun olması çox vacibdir. Buna görə “kiçik” uğuru “böyük” hədiyyə ilə qiymətləndirmək düzgün deyil. Belə etdiyiniz təqdirdə övladınızı “böyük” uğur qazandığı zaman həvəsləndirməniz çətin olacaq. Kiçik hədiyyə dedikdə buraya dondurma, gəzinti, stiker və ya sizin öz tərəfinizdən yazdığınız təşəkkürnamə, açıqca və s. aid edilə bilər.
– Dəstək olun! Uşağın tərbiyə və təlimində hər zaman ÜÇBUCAQ formulası üstün tutulmalıdır. Yəni bu prosesdə 3 tərəfin iştirak etməsi vacibdir: uşaq, müəllim (müəllimlər) və valideyn (valideynlər). Burada bir tərəf az əmək sərf etdikdə nəticənin mütləq şəkildə aşağı düşməsi gözləniləndir. Bir valideyn kimi uşağınızınla daim ünsiyyətdə olaraq oxumağı ilə sıx maraqlanmalısınız. Ehtiyac olduğu təqdirdə mənəvi dəstək göstərərək dərslərini mümkün qədər özünüz izah etməli, lazım gəldikdə isə onunla birgə oxumalısınız. Yalnız bütün sadalanan şərtlərə əməl etdiyiniz halda istədiyiniz nəticəni əldə edə bilərsiniz.
– Çalışın qiymətlər haqqında soruşmayın. Uşağın aldığı yaxşı qiymət hər zaman biliyin göstəricisi olmaya bilər. Övladınızla dərsləri barədə maraqlanarkən daha çox yeni nə öyrəndiyini, nəyə təəccübləndiyini və s. soruşa bilərsiniz. Məsələn, “bu gün tarix dərsində maraqlı nə baş verib?”, “Sənin xoşuna nə gəlir?” kimi istiqamətləndirici suallar ünvanlamağınız daha düzgün olar.
– Başqa uşaqlar ilə müqayisə etməyin. Unutmayın! HƏR BİR İNSAN FƏRQLİ və İNDİVİDUALDIR! Hər bir insanın öz güclü və zəif tərəfləri vardır. Kimi tez oxuya, digəri yaxşı hesablaya və ya gözəl natiqlik qabiliyyətinə malik ola bilər. Sadəcə hər kəsdə özünəməxsus güclü tərəfi kəşf edərək inkişafına dəstək vermək lazımdır.
– Özünüz nümunə olun. Özünüz kitab oxumursunuzsa və bu barədə müsbət danışmırsınızsa, uşağınızdan bunu gözləməyiniz və tələb etməyiniz düzgün deyil. Valideyn oxuyub, mütaliyə edərək övladına nümunə olmalıdır. Həmçinin evdə övladınızın yaş və maraq dairəsinə uyğun kitablar olmalıdır ki, oxumaq onun üçün maraqlı olsun.
– Uşağınıza təhsildə çətinliklərini aradan qaldırmaq üçün düzgün yolları göstərin. Şeirlərin asan yolla əzbərlənməsi, riyaziyyatda hesabatların düzgün aparılması, xarici dillərin strukturlaşmış şəkildə öyrənilməsi və s. çətinliklərdə istiqamətləndirin. Əgər bu barədə sizin kifayət qədər məlumatınız yoxdursa, o zaman araşdırıb övladınızı etibarlı mənbələr ilə tanış etməyiniz daha məsləhətlidir. Məsələn, bizim səhifəmizdəki mövzular peşəkar mütəxəssislər tərəfindən araşdırılıb hazırlanaraq sizə təqdim olunur.
– Həyat hekayələri. Övladınızla mümkün qədər çox söhbət edərək ona iradəsinin güclü olmasının çox zaman ondan asılı olduğunu izah edə bilərsiniz. Bunun üçün tanınmış insanların uğurlu həyat hekayələri barədə danışmaq sizin köməyinizə çata bilər.
Ən əsası isə yanında olun, onun ÖZÜNƏ İNAMINI artırın.
Uğurlar!