Mən bu səviyyəyə çox ağıllı olduğum üçün yox,
problemləri həll etməyə daha çox vaxt sərf etdiyim üçün gəlmişəm.
Albert Eynşteyn
Uşaq vaxtı ətrafımızdakı hər şey bizdə şiddətli maraq oyadır. Hər şeyi tədqiq etmək, öyrənmək istəyirik. Ətrafımızı müşahidə etdikcə böyüklərin hərəkətlərini təkrar etməyə başlayırıq. Məsələn, yeriməyə, danışmağa çalışırıq. Heç demirik bu danışan, yeriyən adamlar bizdən çox böyükdür, əvvəlcə böyüyək, sonra onların etdiklərini edərik. İsrarla cəhd edə-edə özümüzdə o vaxta qədər olmayan bacarıqlar formalaşdırırıq. Əvvəl danışırıq, sonra yeriyirik, sonra mahnı oxumaq, rəqs etmək, velosiped sürmək və s., sonra isə bağçaya və məktəbə gedirik. Qorxularımızı, şübhələrimizi necə də cəsarətlə yenirik. Necə həvəslə ilk hərfləri öyrənir, ilk sözləri yazırıq, sayırıq, toplayırıq, çıxırıq. Hər yeni çətinlik bizi daha da həyəcanlandırır. Bəs sonra nə olur? Bizim bu yaradıcı inadkarlığımız niyə yoxa çıxır? Necə olur ki, birdən-birə inamsızlaşmağa, çətinliklərdən qorxmağa başlayırıq?
Cavab isə sadədir. Biz bütün müsbət qabiliyyətlərimizi kimlərdən almışıqsa, elə inamsızlıqlarımızı da məhz onlardan almışıq. Biz yeriyənə baxıb yerimək, danışana baxıb danışmaq öyrənmişik. Biz valideynlərimizin, yaxınlarımızın bizə verə biləcəyi müsbət xüsusiyyətlərin əksəriyyətini rahatlıqla mənimsəmişik. Bu prosesdə özümüzü onlarla o qədər eyniləşdirmişik ki, onların bacarmadığı işləri bizim də bacara bilməyəcəyimizi düşünməyə başlamışıq. Yəni doğmalarımızın qabiliyyətlərinin sərhədləri bizim də sərhədlərimizə çevrilib. Bəzən də onlar istəmədən bunu bizə təlqin ediblər. Hirsli vaxtı bizə dedikləri “sən bacarıqsızsan”, “tənbəlsən”, “diqqətsizsən” kimi nidaları həddindən çox ciddi qəbul etmişik, özümüzü bu obrazların içinə yerləşdirmişik. Valideynlərimizin dediyi bu sözləri küçədə, məktəbdə bir başqası da bizə deyəndə onları öz içimizdə bir daha təsdiq edib həqiqət kimi qəbul etmişik. Beləcə bizi məhdudlaşdıran inamlar formalaşdırmışıq. Bəzən də valideynlərimiz bizə inamlı olmağı təlqin etməyə çalışıb. Amma biz onların özünü başqaları ilə ünsiyyətdə inamsız, əsəbi görəndə onların bizə “inamlı ol” demələrinin heç bir mənası qalmayıb. Çünki biz sözlərdən yox, davranışlardan öyrənirik.
Böyüdükcə biz ailəmiz, dostlarımız və başqaları ilə ünsiyyətdə özümüzü anlamağa, öz kimliyimizi formalaşdırmağa çalışırıq. Daim özümüzü qiymətləndiririk, başqaları ilə müqayisə edirik. Bu prosesdə bizim öz bacarıq və qabiliyyətlərimiz haqqında fikir və inamlarımız formalaşır. Bu inamlar bizim həyata, təhsilə və başqa insanlara münasibətimizi, bir sözlə bizim zehniyyətimizi müəyyən edir.
Stanford Universitetinin professoru Kerol Dvek (Carol Dweck) insanların zehniyyətləri arasındakı fərqləri və onları dəyişmənin yollarını uzun illər araşdırıb. O və həmkarları bu məsələni araşdırmaq üçün minlərlə tələbənin daxil olduğu geniş elmi tədqiqatlar həyata keçiriblər. Uzun tədqiqatlardan sonra o, insanların iki əsas zehniyyət tipinə ayrıldığını müəyyən edib. O, bu tipləri şərti olaraq böyüyən zehniyyət (böyüməyə meyl edən) və sabit zehniyyət adlandırır.
Sabit zehniyyətə sahib olan insanlar istedad və bacarıqların anadangəlmə sabit xüsusiyyətlər olduğuna inanır. Onların fikrincə insanda bir bacarıq varsa - var, yoxdursa - yoxdur, olmayan bacarığı sonradan formalaşdırmaq mümkün deyil. Böyüyən zehniyyətli insanlara görə isə davamlı çalışıb, təcrübə yolu ilə özündə istənilən bacarığı formalaşdırmaq və inkişaf etdirmək mümkündür.
Sabit zehniyyətli insanlar çətinlikləri sevmir və yalnız asanlıqla öhdəsindən gələcəkləri işlərlə məşğul olmağa çalışırlar. Onların fikrincə əgər insan bir işdə çətinlik çəkirsə, deməli bu işə kifayət qədər istedadı yoxdur.
Böyüyən zehniyyətə sahib olanlar isə əksinə çətinliklərdən həvəslənır və onların üzərinə gedirlər. Onlar çətinlikləri inkişaf etmək üçün bir şans kimi görür və buna görə də sabit zehniyyətli insanlara nisbətən həyatda daha çox uğur qazanırlar.
Kerol Dvek və həmkarları həyata keçirdikləri tədqiqatların birində 10 yaşlı uşaqlara həlli mümkün olmayan tapşırıq veriblər. Təbii ki, uşaqlardan heç biri tapşırığı həll edə bilməyib. Lakin böyüyən zehniyyətə sahib olan uşaqlar son ana qədər məsələni həll etməyə çalışıb. Onlar eksperimentdən sonra bu tapşırığın onları həyəcanlandırdığını və gedib bunun həll yollarını tapacaqlarını deyiblər. Sabit zehniyyətli uşaqlar isə bir neçə cəhddən sonra təslim olub və özlərini çox pis hiss etməyə başlayıblar. Onlardan gələn dəfə bu cür çətinliklə qarşılaşanda nə edəcəklərini soruşanda, bəziləri imtahana gəlməyəcəyini, bəziləri isə başqasından köçürməyə çalışacaqlarını bildiriblər. Bu uşaqlar onlardan daha zəif nəticə göstərənlərin olduğunu biləndə özlərində təsəlli tapıblar. Nəticə etibarı ilə, böyüyən zehniyyətli uşaqlar məsələni həll edə bilməsə də, çoxlu məntiqi əlaqələr qurub və düşünmə qabiliyyətlərini möhkəmləndiriblər.
Sabit zehniyyətli insanlarda özünəinamsızlıq və rüsvay olma qorxusu güclü olur. Onlar bir işin öhdəsindən gələ bilməyəcəkləri təqdirdə rüsvay olacaqlarını və hörmətdən düşəcəklərini düşünürlər və buna görə də cəhd etməkdən çəkinirlər. Cəhd etmədikləri üçün onların bacarıqları inkişaf etmir.
Böyüyən zehniyyətli insanlar öz səhvlərini rahatlıqla etiraf edir, çünki səhvləri düzəldə biləcəklərinə inanırlar. Sabit zehniyyətlilər isə öz səhvlərini gizlətməyə çalışır, günahı başqalarında görürlər.
Professor Ceyson Moujur (Jason Mousure) insanların səhv etdiyi zaman beynində baş verənləri müşahidə etmək məqsədilə tədqiqat həyata keçirib. Tədqiqat iştirakçılarına tapşırıqlar verilib, lakin tapşırıq elə qurulub ki, prosesin bir məqamında onlar mütləq səhv etməli idilər. Səhv etdikləri zaman xüsusi cihazla onların beynindəki elektrik impulslar müşahidə edilib. Böyüyən zehniyyətli insanlar öncə səhvi tapıb, sonra onun üzərində işləyib və sonda onu düzəldiblər. Bu zaman beynin məntiqi düşünməyə cavabdeh zonasında (Anterior Cingulate Cortex) yüksək dərəcədə aktivləşmə müşahidə olunub. Bunun əksinə olaraq, sabit zehniyyətli insanlar səhvə heç bir reaksiya verməyib, onu görməməzlikdən gəliblər. Bu zaman onların beynində, demək olar ki, heç bir aktivlik baş verməyib. Tədqiqatın nəticəsi onu göstərir ki, səhvlərimizi görüb onların üzərində işləmə prosesində beynimiz, səhvi düzlətməklə yanaşı, çoxlu dəyərli məntiqi əlaqələr və assosiasiyalar yaradır ki, bu da öyrənmə, inkişaf etmə və uğur qazanma üçün mühüm əhəmiyyətə malikdir.
Davamlı çalışma yolu ilə yeni qabiliyyətlər yaratmanın və olanları inkişaf etdirmənin mümkünlüyü nevrologiya elmi tərəfindən də sübut olunub.
Nevrologiya sahəsindəki tədqiqatlar açıq şəkildə göstərir ki, öyrənmə beyni dəyişdirən və formalaşdıran bir prosesdir.
Biz müvafiq qabiliyyət üçün lazım olan davranışları israrla təkrar etdikcə beynizmizdə bu davranışı şərtləndirən neyron əlaqələri formalaşır. Biz nə qədər çətin bacarıqlar əldə etməyə çalışırıqsa, fəaliyyət zamanı nə qədər səy göstəririksə beynimizdə öyrənmədən irəli gələn daha böyük dəyişikliklər baş verir. Buna neyroplastiklik deyilir. Lakin neyroplastiklik müsbət olduğu kimi mənfi də ola bilər. Əgər yeni bir şey öyrəndikdə beyində müsbət dəyişikliklər baş verirsə, insan passivləşdikdə, qabiliyyətindən istifadə etmədikdə isə həmin qabiliyyəti şərtləndirən neyron əlaqələri zəifləyir və itir.
Bu sanki sıx meşədən keçərkən açılan cığıra bənzəyir. İlk dəfə kolları kəsərək özünüzə yol açmalısınız. Növbəti dəfə işiniz daha asan olur və hər dəfə cığırdan istifadə etdikcə o daha da geniş və aydın forma alır. Lakin bu cığırdan istifadə etmədikdə orada bitən yeni kollar və kənar kolların uzanan budaqları cığırı itirir.
Bu gün dünyada dahi kimi tanıdığımız Amadeus Motsart, Bill Qeyts kimi şəxsiyyətlər, Maykl Cordan, Maykl Felps kimi əfsanəvi idmançılar əslində anadangəlmə istedada sahib olmayıblar. Onlar yalnız öz üzərində işləməklə tarixi nailiyyətlər əldə ediblər. Amadeus Motsart yaradıcılığının ilk illərində sıradan bir musiqiçi hesab olunurdu. Lakin onu digərlərindən fərqləndirən cəhət durmadan çalışması idi. O, on il ərzində hər bəstəkardan bir şey öyrənə-öyrənə sonunda öz üslubunu formalaşdırdı və şedevrlər yaratmağa başladı. Əfsanəvi basketbolçu Maykl Cordanın oxuduğu məktəbin basketbol komandasına qəbul edilmədiyini, karyerasının ilk illərində isə bəzi NBA komandalarının onunla müqavilə imzalamaqdan imtina etdiyini bilirdinizmi? Lakin o məyus olmaq əvəzinə anasının məsləhəti ilə hər gün səhər saat 6-da yuxudan oyanıb, məktəbə getməzdən əvvəl məhəllədəki meydançada məşq edirdi. Gənc üzgüçü Maykl Felpsin ilk məşqçisi onun ciddi diqqət problemi olduğunu və buna görə də güclü üzgüçü olmasının mümkün olmadığını bildirmişdi. Lakin sonradan o, 23 dəfə Olimpiya çempionu oldu. Ən maraqlısı odur ki, bütün yarışlarda ona dünya miqyaslı rəqibləri üzərində bəzən cüzi üstünlük verən cəhət məhz yüksək diqqəti idi. Felps öz üzərində işləyərək ən zəif cəhətini ən güclü cəhətinə çevirmişdi.
Bəs təbii istedadlar necə, mövcuddurmu? Əlbəttə ki, mövcuddur. Biz hamımız zaman-zaman televiziyada və internetdə kiçik yaşlarında mürəkkəb riyazi problemləri həll edən, gözəl violençel çalan, çətin idman hərəkətləri edən uşaqları görmüşük və onların haqqında məqalələr oxumuşuq. Lakin bəzən onlar Eynşteyn, Cordan, Motsarta çevrilmədən bir müddət sonra yoxa çıxırlar. Kerol Dvekin fikrincə, fitri istedadlar insanlara bəzən baha başa gəlir. Onlardan bəziləri istedadlı olduqları sahədə çox asanlıqla nəticələr əldə etdikləri üçün digər insanlara yuxarıdan aşağı baxmağa və öz üzərində işləməyə ehtiyac duymamağa başlayır. Nəticədə mübarizə əzmi, çalışqanlıq kimi keyfiyyətlər inkişaf etmir və bir gün real çətinliklə qarşılaşdıqda çarəsiz vəziyyətə düşürlər.
Professor Dvek böyüyən zehniyyəti formalaşdırmanın insanların həyatına və uğurlarına təsirini sübut etmək üçün Vaşinqton ştatının yoxsul məhəllələrindən birində yerləşən bir məktəbdə layihə həyata keçirib. Apardığı araşdırma nəticəsində müəyyən edib ki, şagirdlərin əksəriyyəti yoxsul və savadsız ailələrin uşaqları olduğu üçün yüksək nəticələrə qadir olmadıqlarına inanırlar və buna görə də lazımi qədər çalışmırlar. Həm valideynlər, həm də müəllimlər bu nəticələri normal qarşılayır. Layihə heyyəti müəllimlərdə, valideynlərdə və uşaqlarda böyüyən zehniyyət formalaşdırmaq məqsədilə təlimlər təşkil edib. Onlar məktəbdə dərs və qiymətləndirmə metodlarını dəyişiblər. Dvekin təkidi ilə zəif uşaqlara verilən “SƏN ZƏİFSƏN” (FAILED - ing.) qiyməti “SƏN HƏLƏ İSTƏNİLƏN SƏVİYYƏYƏ ÇATMAMISAN” (NOT YET - ing.) şəklində dəyişdirilib. Bu, uşaqların dərsə və qiymətləndirməyə münasibətinin dəyişməsinə səbəb olub. Nəticədə məktəb qısa müddət ərzində riyaziyyat və təbiət elmləri üzrə regionda son sıradan ən ön sıraya qədər yüksəlib.
Hal-hazırda böyüyən zehniyyət metodikası təkcə təhsildə yox, idman, biznes, şəxsi münasibətlər də daxil olmaqla, həyatın bir çox sahəsində tətbiq olunur. Professor Dvek və komandası dünyanın ən böyük şirkətlərinə bu sahədə təlimlər keçirir.
Bütün tədqiqatlar göstərir ki, beynimizin imkanları sonsuzdur. Məhdudiyyətlərimizi, qorxularımızı biz özümüz öz fikirlərimizlə yaradırıq. Özümüzdə böyüyən zehniyyət formalaşdırmaqla, yəni cəhd etməklə, səhvlərimizdən öyrənməklə, çətinliklərin üzərinə getməklə və ətrafımızdakı insanlarla sağlam münasibətlər qurmaqla həyatda möcüzəvi nəticələr əldə edə bilərik.
Böyüyən zehniyyət mövzusuna gələcəkdə hələ çox qayıdacağıq. Bu məqaləni isə Kerol Dvekin uşaqlarda böyüyən zehniyyət formalaşdırmaq üçün verdiyi suallarla tamamlamaq istəyirəm.
Bu gün sən nə öyrəndin?
Bu gün sən hansı səhvi buraxdın və bu səhv sənə nə öyrətdi?
Bu gün sən hansı çətin işi həll etməyə çalışdın?
Özünü hansı çətin işlə sınayacaqsan?
Bacarıqlarını artırmaq üçün hansı addımı atacaqsan?
Həyatınızda çox şey bu suallara hər gün verəcəyiniz cavablardan asılıdır.
Özünüzə inanın və bacarıqlarınızın sərhədlərini genişləndirin.