“Qorxma!”, “qorxaq!”, “qorxuram...” və s. qorxu ilə əlaqəli ifadələrlə gündəlik həyatımızda kifayət qədər tez-tez rastlaşırıq. Bəs qorxu nədir?
Qorxu – adətən şəxsin fizioloji və ya sosial salamatlığına yönəlmiş təhlükə ehtimalı yarandıqda yaşadığı emosiyadır. Fizioloji şəkildə qorxunun necə yaşandığını hər birimiz bilirik və bunu istifadə etdiyimiz frazeoloji birləşmələr çox aydın şəkildə əks etdirir: “qorxusundan gözləri bəbəyindən çıxdı”, “ürəyim düşdü”, “bağrım çatladı” və s. Psixoloji olaraq qorxunun mənası nədir və insanın həyatına, qərarlarına, seçimlərinə necə təsir edir?
Qorxu insanın xəsarət almasının qarşısını almaq üçün psixikanın vəziyyətə reaksiyasıdır. Hər hansı bir halda təhlükənin real və ya xəyali olmasından asılı olaraq təbii və ya klinik qorxu yaşayırıq. Qorxuları bir neçə qrupa bölmək olar və hər bir qrup üzrə yaşanan qorxunun təbii halı və ya onun klinik forması mümkündür.
Təbiət ilə əlaqədar qorxular. Təbii fəlakətlər, fərqli heyvanlar, həşəratlar insanda qorxu hissi yaradır. Bu qorxu fobiya və ya çaxnaşmaya çevrilə bilər, təhlükə realdırsa vəziyyətdə qorxu adekvat reaksiya hesab olunur. Bir neçə vəziyyəti nümunə olaraq qiymətləndirək:
1) meşədəsiniz və keçəcəyiniz yolun üzərində böyük ilan görürsüz, yolunuza davam etmək üçün üzərindən addımlayıb keçməlisiniz və burada qorxu hissi yaranırsa bu psixikanın təhlükəyə adekvat reaksiyasıdır;
2) eyni vəziyyətdə insan vahiməyə düşə bilər ki, bu da həddindən artıq reaksiyadır, əsəb sisteminin qeyri-stabil olmasından və stabil təşvişli şəxsiyyət tipindən xəbər verir;
3) şəhərdə evdəsiniz və televizorda ilan görürsünüz və ya ilanın şəklini sizə göstərirlər, yəni faktiki olaraq həmin an sizin üçün heç bir real təhlükə ifadə etmir, amma daxilinizdə bir qorxu, baxa bilməmək hissi, taxikardiya (nəbzin sürətlənməsi), sıxılmaq və s. hisslər keçirməyə başlayırsınız. Bu, artıq bir fobiyadır.
Daxili qorxular. Adətən, uşaqlıqda hər birimizi qorxudublar. “Gecə güzgüyə baxsan ömründən qısalar”, “gecə dırnaq tutsan öz və ya yaxınlarının həyatını qısaltmış olursan”, “yorğanın altından ayağını çıxartsan naməlum güclər səni dartıb aparacaq” və s. ifadələr, hətta xoxan belə uşaqlıqdan bizdə naməlum təbiətə malik və mübarizədə ən çətin hesab olunan qorxular yaradıb. Böyüyüb bu ifadələrin heç bir təhlükə təşkil etmədiyini başa düşsək belə, qorxudan tam azad olmaq çətin olur.
Sosial qorxular. Fərqli sosial hadisələr, insanlarla münasibətlər və ünsiyyət zamanı şəxsiyyətə zərər gətirə biləcək vəziyyətlərə psixikanın reaksiyasıdır. Mamontova S. Y. 5 növ sosial qorxunun mövcud olduğunu iddia edir:
1) Rədd olunma qorxusu. Bu kateqoriyaya “yox” cavabı almaq, bəyənilməmək, heç kimin vecinə olmamaq, həqarətlə baxılmaq, səhv qiymətləndirilmək və s. bənzər qorxular aid edilir.
2) İtirmək qorxusu. Bu kateqoriyaya daxil olan bütün qorxular nəyinsə itkisi ilə bağlıdır və çox vaxt insanın sahiblənmək hissi ilə əlaqədardır. Məsələn, işdən azad edilmə, kasıbçılıq, satqınlıq, boşanma, eybəcərləşmə, qocalma, yaxınlarından kimisə itirmək kimi halların qorxu hissi yaşatması bu kateqoriyaya aiddir.
3) Sərbəst şəkildə qərar vermək qorxusu. Qərar verdikdə insan məsuliyyəti öz üzərinə götürmüş olur və bu qorxudan əziyyət çəkən insanlar adətən məhz məsuliyyəti öz üzərinə götürə bilməyənlərdir.
4) İnsanların qarşısında, açıq şəkildə hisslərini, fikirlərini, tələblərini, ehtiyaclarını bildirmək, həmçinin nəyisə və ya kimisə rədd etmək qorxusu.
5) Nüfuzlu şəxslərdən qorxma.
Sosial qorxular insanın həyatına gizlicə, eyni zamanda ən güclü təsir göstərən qorxulardır. Çox vaxt insan heç fikir belə vermədən, həyatını davam edir, amma qorxu işlənmədiyi müddətcə fon olaraq xırda-xırda insanı arzuladığı həyatdan uzaqlaşdırır. Hər bir uğurun arxasında cəsarət durur.
“Cəsarət qələbənin başlanğıcıdır” Plutarx