Sosial mühit insan həyatının bir çox sahələrinə təsir edir. Bu sahələrdəndən biri də peşə seçimidir.
Peşə seçimi çətin və müxtəlif amillərin təsiri ilə zəngin olan bir prosesdir. Peşə seçimi insanın gələcək həyatını, pəşəkar yüksəlişini və karyerasını müəyyənləşdirir. Bunun üçün isə düzgün peşə seçimi etmək çox önəmlidir. Düzgün seçim etmə yollarından biri isə bu prosesə təsir edəcək amilləri daha dəqiq öyrənməkdir. Bu amillərə ətraf mühit də daxildir. Ətraf mühit dedikdə, biz ailənin, həmyaşıdların və məktəbin bizim peşə seçimimizə təsirini nəzərdə tuturuq.
Ailə təsiri
Ailə insanın ilk sosiallaşma insitutu hesab olunur. Ailə özünə məxsus mühiti, maraqları ilə insanı cəmiyyətdə formalaşdırır. İnsanın sosial-peşəkarlıq təşəkküli prosesi ilk olaraq ailədə başlayır. Ailə təsiri fərqli ola bilər, məsələn, valideynlər uşağın ixtisas seçimi ilə heç maraqlanmaya bilər; uşağın öz maraqlarına və isdəklərinə önəm verilə və ya verilməyə bilər; bəzi ailələrdə isə ümumiyyətlə, uşağın əvəzinə seçim edilə bilər.
Aparılan araşdırmalar göstərir ki, 26,8% məktəblilər ixtisas seçimi zamanı valideynlərinin və yaxın qohumlarının məsləhətinə əməl edirlər. Bu da onu göstərir ki, ailənin sosial mənsubiyyəti gəncin peşəkar özünüdərkinə təsir edir. Nəticə etibarı ilə, valideynlərin əsas vəzifələri abituriyentlərdə müsbət sosial mövqe formalaşdırmaq və onların özünü inkişaf etdirməsi üçün lazımi mühiti yaratmaqdır. Əlbətdə, bunun üçün uşaqların maraqlarını və istəklərini nəzərə almaq, onlara seçim etmə hüququ vermək, məsuliyyəti öz üzərinə götürə bilməyi öyrətmək çox vacibdir, çünki peşə seçimi insanın gələcəyinə müəyyən qədər təsir edir.
Həmyaşıdların təsiri
Adətən məktəblilər üçün ixtisas seçimində dostlarının və həmyaşıdlarının mövqeyi önəmli olur. Yeniyetməlik dövründə həmyaşıdlar ilə münasibət ön plana çıxır. Həmyaşıdları ilə ünsiyət sayəsində yeniyetmələrin özünədərki genişlənir. Onlar üçün həmyaşıdları və dostları tərəfindən qəbul edilmək vacibdir. Bu yaş dövründə ortaq maraqlara, zövqlərə və hobbilərə əsaslanaraq müəyyən sosial qruplar yaranır və yeniyetmələr üçün özünü müxtəlif qruplara mənsub etmək önəmli mərhələrdən biri kimi hesab olunur. Nəticə etibarı ilə, doğru sosial qrup seçmək əhəmiyətlidir, çünkü bu qrupda qəbul edilən norma və dəyərlər onun üzvləri tərəfindən mənimsənilir. Lakin bu yeniyetmənin öz istəklərinə və ehtiyaclarına zidd olmamalıdır.
Orta təhsil müəssisəsinin təsiri
Məktəblilərin peşə seçiminin bünövrəsi demək olar ki, ibtidai sinifdən qoyulur. Bu, məktəblinin irəlidə daha şüurlu və müstəqil seçim etməyinə kömək edir. Bu gün tələbələrin peşə istiqamətləndirilməsi ən mühüm pedaqoji və psixoloji problemlərdən biridir. Çünki dinamik cəmiyyətdə sosial adaptasiya üçün məktəblilərin peşə istiqamətlərinin formalaşmasına kömək edən peşəkar niyyətlər formalaşdırılmalıdır. Məktəb şagirdi daha şüurlu və məsuliyyətli bir seçim üçün hazırlamalıdır.
Nəticə etibarı ilə, məktəblini müxtəlif peşə sahələri ilə tanış etmək və məlumatlandırmaq önəmlidir. Müxtəlif peşə sahələri ilə tanışlıq və eldə edilmiş məlumat məktəblilərə peşə seçimində müəyyənliyə nail olmağa kömək edir. Bu məktəb və universitetlərin sıx elaqəsi ilə mümkundür.
Yeniyetmə üçün peşə seçimi zamanı həmçinin sosial mühit tərəfindən dəstək önəmlidir. Belə ki, ətraf mühitin dəstəyi onların özlərinə inamını gücləndirir.