İnsan subyektiv bir varlıq olaraq bilərək və ya bilməyərək daim hamını və hər şeyi qiymətləndirir. Hətta onun özü də bu qiymətləndirmə prosesindən kənarda qalmır.
Özünü qiymətləndirmənin strukturu
Özünü qiymətləndirmə prosesi iki hissədən ibarətdir – koqnitiv və emosional.
Koqnitiv qiymətləndirmə insanın ağlı vasitəsilə özünün bilik, bacarıq, istedad, davranış və digər keyfiyyətlərinin real səviyyəsini bu keyfiyyətlərin gələ biləcəyi potensial və ya ideal səviyyə ilə müqayisə etməsi prosesidir. Emosional qiymətləndirmə isə insanın özünə verdiyi dəyər, özünü qəbul etmə, özünə hörmət, sevgi və s. emosional münasibətlərdən ibarətdir
Əslində koqnitiv və emosional komponentlərin bir-birindən ayrılıqda təsvir edilməsi şərti xarakter daşıyır və gündəlik həyatda insanının ayrı-ayrı vəziyyətlərdə və ya ümumilikdə özünə verdiyi qiymət bu komponentlərin hər ikisinin qarışığından ibarətdir.
Özünü adekvat və qeyri-adekvat qiymətləndirmə
Adətən özünü qiymətləndirmənin üç – aşağı, normal və yüksək səviyyələri qeyd olunur. Eyni zamanda, özünə verilən qiymət adekvat və qeyri-adekvat ola bilər. Məsələn,bəzən bir şəxsin bilikləri və ya bacarıqları orta səviyyədə olduğu halda o, özünü yüksək bilik və bacarıqlara sahib kimi qiymətləndirə bilər ki, bu da qeyri-adekvat yüksək qiymətləndirmədir. Bunun əksinə olaraq yüksək bilik və bacarıqlara malik bir şəxsin özünün bu keyfiyyətlərinin aşağı olduğunu düşünməsi isə qeyri-adekvat aşağı qiymətləndirmə nümunəsidir. Nümunələrdən göründüyü kimi, verilən qiymətin reallıqla üst-üstə düşməməsi qeyri-adekvat qiymətləndirmə hesab olunur.
Özünü qiymətləndirmənin formalaşması
İnsanın özünə verdiyi qiymət bir çox amilin təsiri nəticəsində formalaşır və o da öz növbəsində bir sıra digər amilə müsbət və ya mənfi təsir göstərir. Ümumilikdə qiymətləndirmə uşaq yaşlardan başlayır və yeniyetməlik dövrü bu mənada ən vacib mərhələ hesab olunur. Yeniyetmə dövründən sonra insan daim özünü qiymətləndirir və bu qiymət tez-tez dəyişə bilər. Bu dəyişikliyin dinamikası müsbətdirsə, yəni insan yeni nələrisə öyrənir, inkişaf edir və hər hansı sahədə özünə verdiyi qiymət yüksəlirsə, bu normal hesab olunur. Özünə verilən qiymətin dəyişkən xarakter daşıması, tez-tez enib-yüksəlməsi qeyri-sabit qiymətləndirmədən xəbər verir və bu halda mütəxəssisə müraciət etmək tövsiyyə olunur. Yeniyetmə yaşlarda insanda bir çox dəyişiklik baş verdiyi üçün, o yeni vəziyyətinə öyrəşənə qədər özünü eybəcər, bacarıqsız, anormal, kök və s. hesab edə bilər. Burada ən vacib məqam uşağa təyziq göstərməmək və onu dəstəkləməkdir. Bu mərhələdə valideyn uşağı həmişəki qədər çox sevdiyini və daim onun yanında olduğunu göstərməlidir. Hər hansı bir işi bacarmadığında onu danlamaq yox, öyrətmək, öyrənə biləcəyi bir yerə və ya onu öyrədə biləcək bir şəxsin yanına göndərmək lazımdır. Ona hər bir səhvdən dərs çıxardaraq işini mükəmməlləşdirməyi öyrədin. Nailiyyətləri nə qədər çox olsa özünə verdiyi qiymət bir o qədər sabit və normal olacaq, lakin onun etməli olduqlarını onun yerinə siz etsəniz, bu qeyri-adekvat yüksək qiymətə çevriləcək.
Özünü qiymətləndirmənin nailiyyətlərə təsiri
Özünü qiymətləndirmənin adekvat olması hər bir şəxsin həyatının fərqli sahələrində vacib rol oynayır. Belə ki, insan özünə adekvat qiymət verdiyi təqdirdə təbii olaraq özünə düzgün hədəflər qoyaraq nailiyyətlər qazanır, digər insanlarla sağlam ünsiyyət qurur və ümumiyyətlə həyatda düzgün mövqe tutur.
Qeyri-adekvat qiymətləndirmə isə insan həyatında müxtəlif fəsadlara səbəb olur. Özünü qeyri-adekvat olaraq yüksək qiymətləndirən insanlar qarşısına bacara bilməyəcəyi məqsədlər qoyur, özünə aid olmayan yerlərə iddia edir və ya o yerləri haqsız olaraq tutur, nəticədə heç nəyə və ya gözlədiyindən azına nail olur. Özünü qeyri-adekvat aşağı qiymətləndirmə isə insanın qarşısına bacaracağından aşağı məqsədlər qoymasına və mümkün olandan daha az nailiyyət qazanmasına səbəb olur. İkinci variant ilk baxışda sanki o qədər də pis deyilmiş kimi görünsə də, insanın həmişə bacardığından azını etməsi onun özünü daim-qeyri məmnun və bədbəxt hiss etməsinə, motivasiyasının enməsinə və həyatının mənasının itməsinə səbəb olur.
Özünü qiymətləndirmənin sosial həyata təsiri
Özünü qeyri-adekvat qiymətləndirmə sosial münasibətlərə də mənfi təsir edir. Belə ki, bu halda insan özünü düşüncə, tərbiyə, dünyagörüşü və dəyərlər baxımından özünə uyğun olmayan insanlarla əhatə edəcək, nəticədə həyatında münaqişələr, sıxıntı və tənhalıq hissi adi hala çevriləcək.
Nəticə
Özünüzü real nailiyyətlərinizə, bacarıqlarınıza və biliklərinizə görə qiymətləndirməyə çalışırın və sizə uyğun insanlarla müqayisə nəticəsində qərar verin. Unutmayın, hər bir bacarıq və ya biliyinizin səviyyəsini artırmaq sizin əlinizdədir.