Özünəinam məqsədə çatmaq və həyatda uğur qazanmaq üçün vacib xüsusiyyətlərdən biridir. Məlumdur ki, insan uğur qazandıqca özünü daha yaxşı hiss etməyə başlayır, özünə inamı artır, uğursuzluq yaşayanda isə özünə inamı azalır. Bu proseslər bir-biri ilə qarşılıqlı əlaqəlidir.
Bir şəxsin ozünə inanması üçün həyat uğuru, sosial status, pul kimi amillərdənsə, onun özünün öz hərəkətlərinə, nailiyyətlərinə verdiyi subyektiv müsbət qiymət və əhəmiyyətli hesab etdiyi insanların kənardan verdiyi qiymət daha mühüm əhəmiyyətə malikdir.
Özünə inam mövzusu ilə ciddi məşğul olan ilk şəxs Amerikadakı həkim Andre Salter idi. O, sağlam, özünəinamlı şəxsiyyətin altı xarakteristikasını vurğulayıb və təsvir edib:
– Nitqin emosionallığı. Salter hər şeydən öncə insanın hamıya açıq olmasının əhəmiyyətini qeyd edirdi. Özunəinam hissi güclü olan insan fikirlərini, hisslərini gizlətmədən, açıq, dürüst şəkildə bəyan edir. O, həm müsbət, həm də mənfi hisslərinin təzahürlərini gizlətməyə və ya yumşaltmağa çalışmır.
– Davranışın və nitqin ekspressivliyi. Verbal və qeyri-verbal vasitələrin arasında uyğunluq olması. Bir şəxs ifadə etdiyi hisslərini və düşüncələrini müvafiq qeyri-verbal vasitələrlə dəstəkləməlidir.
– Başqalarına baxmadan öz fikirlərini birbaşa və dürüst ifadə etmək insanın özünə inamlı olduğunun göstəricisidir.
– Onlar “Mən” əvəzliyindən qorxmurlar. Qeyri-müəyyən ifadələr istifadə etmirlər və öz fikirlərini aydın şəkildə cəmiyyətə çatdırırlar.
– Öz bacarığlarını və şəxsi keyfiyyətlərini aşağılamaq onlara xas davranış deyil. Digər insanlardan gələn tərifləri isə sakit və adekvat davranışla qəbul edirlər.
– Improvizasiya qabiliyyəti.
Özünə inamın gücləndirilməsi öz işində zirvələrə çatmaq istəyən hər bir şəxs üçün birinci dərəcəli məqsəd olmalıdır.
Özünəinam üzərində işləmək üçün bəzi məşqlər.
– Bunun üçün hər zamankından daha yüksək, qəti səslə danışmağa başlayın. Bundan sonra siz yalnız inamınızın artdığını deyil, həm də ətrafınızdakı insanlardan sizə olan münasibətin dəyişdiyini görəcəksiz və hiss edəcəksiniz. Bu hissi yadda saxlayın və onu təkrar-təkrar yaşamaq sizin məqsədiniz olsun!
– Vərəq götürüb özünüzə inam gerbini çəkin. İmprovizasiya edin. Gerbə məhz sizin inamınızı ifadə edən mənaları və simvolları əlavə edin. Siz yalnız inam gerbini deyil, hətta sonralar ailə simvoluna çevrilə biləcək gerbi də çəkə bilərsiniz. Buna görə də tapşırığa ciddi və mümkün qədər yaradıcı yanaşın.
– Bir neçə saniyədə güclü bir inam hiss edə bilərsiniz. Bunun üçün yol üstü yalnız bir neçə metr şax yeriyin. Çənəninizi qaldırın, başınızı və onurğanızı dik saxlayın. Tələsmədən addımlar atın. Fərqi hiss etdiniz? Bir addım atmaqla özünüzdə böyük inam hissi yarandığını görəcəksiniz.
– Özünüzə çox inamlı olduğunuz anları xatırlayın və o anda yaşadığınız hissləri yada salın. Siz həm də uğurlarınız və qabağınıza qoyduğunuz məqsədləri yazmaq üçün gündəlik də aça bilərsiz.
Özünəinam hissi insanın qarşısında gözlənilməz imkanlar açır. Bu keyfiyyət olmadan həyatda ciddi uğur qazanmaq çox çətin ola bilər.
İnsan özünə qarşı yaranan inamı əzələlər kimi təlim və inkişaf etdirə bilər. Əlbəttə ki, bu, intizam, istək və səbr tələb edən böyük bir işdir.
Hətta ən iradəli və qətiyyətli insanlarda belə bəzən inam hissi azala bilər, lakin yadda saxlayın - bu da təbii haldır.