Münasibət oxşar vəziyyətlərdə müəyyən şəkildə reaksiyavermə meyli kimi başa düşülür. Adətən insan kiməsə qarşı olan şəxsi münasibətini əsaslı hesab edərək fikrində sabit qalır və ətrafdan gələn fikirlər onun münasibətinə təsir etmir. Nəticə etibarilə artıq formalaşmış münasibəti dəyişmək çətin olur. İnsan yaşa dolduqca daha da mühafizəkarlaşır və münasibəti qatılaşır. Müəllim məktəbdə tədris etdiyi zaman onda şagirdlərə qarşı müəyyən münasibətlər formalaşır. Tədqiqatlar göstərir ki, pedaqoqda şagirdlərə qarşı əsasən iki cür münasibət mövcud olur: müsbət və mənfi münasibətlər.
Müəllimdə şagirdə qarşı mənfi münasibətinin olmasını aşağıdakı əlamətlərlə müəyyən etmək mümkündür: o,"zəif" şagirdə "yaxşı" cavab verməsi üçün daha az vaxt verir; ona yönləndirici suallarla ipucu verməkdən çəkinir; səhv cavab verildiyi təqdirdə sualı başqa şagirdə yönəltməyə tələsir və ya düzgün cavabı özü səsləndirir; şagirdi həvəsləndirməkdən çox tənqid edir; ona yaxşı hərəkətinin fərqinə varmayaraq heç bir reaksiya vermir; bəzən isə dərs prosesi zamanı sinifdə şagirdi görməzdən gəlir. Bir çox hallarda isə "zəif şagird" in verdiyi düzgün cavab müəllimin söylədiyi "ayda ildə bir dəfə düzgün cavabı tapmısan" kimi ifadələrlə dəyərsizləşdirilə, bu da şagirdin öyrənmə motivasiyasının azalmasına səbəb ola bilər. Belə hallarla üzləşən şagirddə aqressivlik arta, bu da öz növbəsində onun akademik fəaliyyətinə təsir edə bilər.
Müəllimin şagirdə qarşı müsbət münasibətinin mövcudluğu müvafiq olaraq aşağıdakı detallarla müəyyən etmək olar: sual verdiyi zaman ona cavablandırması üçün vaxt verir; uşaq cavab verməkdə çətinlik çəkdikdə ona yönləndirici suallar verərək köməklik göstərir; ona qarşı xoşrəftar olaraq gülümsəyir; səhv cavab verdiyi təqdirdə belə onu qiymətləndirməyə tələsmir, əksinə onu düzəltməyə çalışır; dərs prosesi zamanı daha çox o şagirdə nəzər yetirərək baxışları ilə onu həvəsləndirir və s.
Şagirdə qarşı "yaxşı" və ya "pis" münasibət göstərən müəllim, qeyri-iradi şəkildə ona güclü təsir göstərə, bununla da onun gələcək inkişafına və sosial bacarığına təsir göstərə bilər. Müəllim tərəfindən sərgilənən münasibətin şagirdin qiymətlərinə təsiri aşağıdakı (1968 -ci ildə Robert Rosenthal və Lenora Jacobson tərəfindən aparılmışdır ) tədqiqatda təsvir edilmişdir.
Tədqiqatçı bir qrup şagirdin intellekt səviyyəsini (IQ test vasitəsi ilə) ölçdükdən sonra, onların arasında ən yüksək intellekt səviyyəsinə malik olanların adlarını açıqlayır. Eyni zamanda, onların sırasına orta və aşağı nəticə göstərən bir neçə şagirdin də adları bilərəkdən daxil edilərək, müəllimlərə elan olunur. Bir il zaman keçdikdən sonra məhz adları yüksək intellekt səviyyəsinə malik olan şagirdlər siyahısına qəsdən əlavə olunan şagirdlər məktəbdə müvəfəqiyyət qazanaraq, ən yaxşılar sırasına daxil olurlar.
Pedaqoqlar üçün verilən bəzi tövsiyələr:
1. Obyektiv olmağa çalışın;
2. Duyğularınızı idarə edin;
3. Şagirdə irəli sürdüyü iddianı əsaslandırmaq imkanı verin;
4. Şagirddən öz mövqeyini başa düşməsini tələb etməyin;
5. "Mən" ifadəsindən daha çox istifadə edin (məsələn "sən məni aldadırsan" yerinə "özümü aldadılmış kimi hiss edirəm" və s.);
6. Şagirdi təhqir etməyin;
7. Baş vermiş situasiyada rəhbərliklə mümkün qədər az əlaqə saxlayın;
8. Kobudluğa kobudluqla cavab verməyin;
9. Onun şəxsiyyətinə toxunmamaq şərti ilə yalnız davranışlarına qiymət verin;
10. Şagirdə və özünüzə səhv etmək hüququ tanıyın;
11. Əla qiymət alan və nümunəvi şagirdləri çox tərifləməkdən çəkinin, sinifdəki bütün şagirdlərə özlərini sübut etmək imkanı tanıyın.