Motivasiya anlayışını tam qavramaq üçün əvvəlcə onunla sıx əlaqədar olan ehtiyac və tələbat anlayışlarına nəzər salmaq faydalı olar.
İnsan nə fizioloji, nə də psixoloji cəhətdən durğun bir varlıq olmayıb, dəyişkən təbiətə malikdir. Bu dəyişiklik bəzən inkişaf, bəzən isə əksinə deqradasiya şəklində təzahür edir. İnsan hər dəfə daxili tarazlıq duyğusunu itirəndə onda müəyyən bir ehtiyac duyğusu yaranır. Bəzən bu ehtiyac insanın özü də başa düşmədən sadəcə narahatçılıq şəklində özünü biruzə verir. Ehtiyac obyektiv olaraq insana nəyinsə lazım olmasıdır.
Bəs tələbat nədir? Tələbat insanın yaşam və inkişafı üçün həm fizioloji, həm də psixoloji ehtiyacını başa düşməsi, qəbul etməsi və təcrübə etməsidir. Tələbat əlavə suallar yaradır. Biz bu sualları çox vaxt qeyri-şüuri olaraq cavablandıraraq bir obraz yaradırıq. Bu obraz tələbatın müəyyən forma alması, yəni onun motivasiyaya çevrilməsidir. Yaranan obraz mədəniyyətdən, ətraf mühitdən, şəxsiyyətin xüsusiyyətlərindən irəli gələrək formalaşır. Nəticədə motivasiya bizi hərəkət etməyə vadar etməklə yanaşı, həm də bu hərəkəti yönləndirir və təşkil edir.
Motivasiya artıq şəxsiyyətin bir məqsədə nail olmasına yönəlmiş istək və ya hərəkətinin səbəbidir. Məqsəd gələcəkdə nail olmaq istədiyimizin son formasıdır. Məqsəd faktiki olaraq “nə?” sualına cavab verirsə, motivasiya “niyə?” sualına cavab verir.
Nümunə 1:
İnsanın yaşamına davam etmək üçün qanında lazımi maddələr azalanda onda aclıq hissi yaranır və o, hansısa bir qidanı qəbul etmək istədiyini başa düşür. Bu zaman insan yemək yeyərək aclığını dindirir.
Bu nümunədə qanda lazımi maddələrin azalması bu maddələrə ehtiyac yaradır, bu ehtiyac şüur tərəfindən aclıq hissi kimi qəbul olunur, bu isə öz növbəsində yemək tələbatına çevrilir ki, bu da artıq “Nə və ya necə bir şey (yağlı/yağsız, şirin/turş/acı və s.) yemək istəyirəm?” tipli suallar yaradır. Bu sualları cavablandıraraq biz özümüzdə motivasiya formalaşdırırıq. Beləliklə, turş bir şey istəyirsinizsə, bu, turşu yeməyinizə, yəni sizi hərəkət etməyə vadar edən səbəb (motivasiya) olur. Məqsəd isə burada turşu yemiş olmaqdır. Turşunu yeməkisə artlıq hərəkət və ya fəaliyyətdir.
Nümunə 2:
İnsan uşaq yaşlarından dünyanı dərk etməyə çalışır və buna görə də bilmədiklərini və ya maraq dairəsinə daxil olanları öyrənmək onun təbii ehtiyaclarından biridir. Oxuma fəaliyyəti və oxuma motivasiyası məhz bu ehtiyaca əsaslanmalıdır. Oxumağa və ya öyrənməyə yönəlmiş daxili motivasiya aşağıdakı şəkildə formalaşır:
- nə isə öyrənmək ehtiyacı (bu ehtiyacın təməlində duran səbəb əslində insanın sosial mühitdə güclü olmaq, həyat savaşında qalib gəlmək və sağ qalmaq instinktidir)
- bundan irəli gələn bilik qazanmaq tələbatı (bu tələbat insanların “nəyi və necə öyrənməli?” sualına verdiyi cavab əsasında formalaşır)
- bilik qzanmaqda məqsəd (bu, arzu etdiyimiz biliyi qazandıqdan sonra necə bir insan olacağımızı ifadə edən obraz və ya necə bir həyat yaşayacağımız, insanlarla necə ünsiyyət quracağımızla bağlı təsəvvürlərimizdir)
- oxumaq/öyrənmək üçün motivasiya
- oxuma/öyrənmə fəaliyyəti