Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır və böyüklərin yardımına ehtiyac duymur. Məsuliyyət uşağa 2 yaşdan sonra aşılanması vacib olan bir davranışdır.
Çox vaxt valideynlər övladlarından davranışlarına görə məsuliyyət daşımalarını tələb edirlər. Uşaq bu tələbi yerinə yetirmədiyi halda valideyn onu məsuliyyətsiz və biganə adlandırır. Lakin valideynlər unutmamalıdır ki, bu hissin uşaqda körpəlikdən təməlini qoymaq və formalaşdırmaq lazımdır. Yəni, ona məsuliyyət daşımağın niyə bu qədər vacib olduğunu uşaqlıqdan izah etmək valideynin öhdəsinə düşür. Valideynin özü məsuliyyətsiz davranış sərgiləyərək, uşaqdan məsuliyyətli olmağı tələb etməsi düzgün deyil. Belə ki, azyaşlı uşaqlar valideynlərini təqlid etməyə adətən meyilli olurlar. Uşaq dünyanı dərk etməyə başlayanda ətrafında baş verən hər bir şeyi eyni cür qiymətləndirir. O, yalnız böyüklərin reaksiyası nəticəsində nəyin yaxşı, nəyin pis olduğunu anlayır. Yəni, tədricən uşaq bəzi hərəkətlərinin həm özü, həm də ətrafdakılar üçün mənfi nəticələr verdiyini başa düşür. Valideyn uşağın yaşına uyğun işlərdə, verdiyi hər bir qərarda məsuliyyətli olmağı aşılamalıdır.
Məsuliyyəti məcbur etmək ilə səhv salmaq olmaz. Məsələn, “tez ol, get otağındakı oyuncaqlarını yerinə yığ” və “oyuncaqların da öz yeri var, onları oynadıqdan sonra yerinə yığmaq lazımdır ki, otaq səliqəli olsun” aralarında fərq var. Belə ki, ilk cümlədə uşaq məcbur edildiyini, istəmədiyi bir şeyi etməli olduğunu hiss edir, lakin ikincidə o, oyuncaqları niyə yerinə yığmalı olduğunu başa düşür. Etdiyi hər bir işdən sonra onu tərifləyin. Uşaq valideyni tərəfindən hər zaman danlanarsa, etdiyi müsbət davranışlara görə valideynindən tərif almazsa, bu zaman uşaqda valideynə qarşı qorxu formalaşa və nəticədə o, asanlıqla yalan danışa bilər. Burada əsas məsələ onun etdiyi bütün müsbət davranışları qabartmaqdır. Eləcə də, uşağa etdiyi hər səhvi düşünmək, anlamaq, etiraf etmək və düzəltmək şansını da vermək lazımdır.
Uşağa hər bir şey düzgün aşılandığı zaman gələcəkdə onda uğursuzluq zamanı başqalarını günahlandırmamaq, verdiyi sözə əməl etmək, bacardığı qədər ictimai qaydaları pozmamaq kimi keyfiyyətlər formalaşacaq. Bu, uşaqda yalnız məsuliyyəti artırmır, həm də valideynlə arasında yaxşı və isti münasibətləri qorumağa kömək edir.
Lakin qeyd etmək lazımdır ki, təəssüf ki, bəzi uşaqlar yeniyetməlik yaşına çatsalar belə məsuliyyətsiz olurlar. Belə ki, bəzi valideynlər övladının yerinə hər bir şeyi edir, hər yaşda onu maddi təmin edir və nəticədə o, həm tənbəlləşir, həm də məsuliyyətsiz davranır. Yadda saxlamaq lazımdır ki, məsuliyyətsiz uşaq həyatının bütün mərhələlərində çətinliklə üz-üzə qala və həll yolunu təş başına tapmaqda çətinlik çəkə bilər.
Xoşbəxtlikdən məsuliyyət xarakterin bir hissəsi deyil. Bu, böyüklərin köməyi ilə əldə edilə bilən bir dəyərdir.