İnsan ətraf mühitdə müxtəlif vəziyyətlərə düşəndə və ya problemlə qarşılaşanda onun öhdəsindən gələ biləcəyini müəyyən etmək üçün ilk növbədə öz resurslarını təhlil edir. Bu proses çox vaxt qeyri-şüuri olaraq baş verir. Əgər insan yaranmış vəziyyətin həlli üçün onda olmayan resursların tələb olunduğu qənaətinə gəlirsə, bu, onda stress yaranmasına səbəb olur. Bu vaxt stressli vəziyyətdən çıxmaq üçün insan özü üçün bir hərəkət yolu seçir ki, bu yola psixologiyada kopinq-strategiya (vəziyyətin öhdəsindən gəlmə strategiyası) adlanır.
İlk kopinq-strategiya modeli 1966-cı ildə R. Lazarus tərəfindən tərtib edilib. O və həmkarları tərəfindən bir sıra kopinq-strategiyalar təklif olunub. Ümumilikdə bütün strategiyalar iki qrupa – promlemə yönəlmiş strategiyalara və emosiyalara yönəlmiş strategiyalara ayrılır. Problemə-yönəlmiş kopinq-strategiyaların əsas məqsədi yaranmış çətin vəziyyətdən çıxmaq, emosiyalara-yönəlmiş kopinq-strategiyaların məqsədi isə stresslə əlaqədar yaşanan neqativ emosiyaların öhdəsindən gəlməkdir.
İnsanların sıx-sıx istifadə etdiyi 8 kopinq-strategiya müəyyən olunub:
- Konfrontativ strategiya problemlə mübarizə, çətin vəziyyətin dəyişməsinə yönəlmiş aqressiv davranışlardan ibarətdir.
- Sosial dəstək axtarışı çətin vəziyyətə düşən şəxsinətrafında olan digər insanlardan emosional anlayış gözləntisi (valideynlər, dostlar və digər yaxınları tərəfindən dəstək və ya problemin həlli), bəzənsə o qədər də yaxın olmayan və ya çox az tanıdığı birindən məsləhət alma və çıxış yolu göstərilməsi gözləntisini (məsələn, qatarda yeni tanış olduğu biri ilə problemin müzakirəsi) ehtiva edir.
- Problemin həllinin planlaşdırılması vəziyyəti təhlil etmə və problemin həlli üçün səy göstərməkdən ibarətdir.
- Özünü idarə etmə çətin və ya stresslivəziyyətin nəticəsində yaranan emosiyaları və atmaq istədiyi impilsiv addımları idarə etməyə çalışmaqdır.
- Uzaqlaşma və ya inkar problemi qeyri-vacib bir hal kimi qəbul etməyə çalışmaqdır.
- Müsbət tərəfdən baxma vəziyyətin müsbət tərəflərini axtarmaqdır.
- Məhsuliyyəti qəbul etmə hadisədə və ya yaranmış vəziyyətdə üzərinə düşən rolu qəbul etməkdir.
- Vəziyyətdən qaçış var gücü ilə problem haqda düşünməmək və həlldən uzaqlaşmaq cəhdidir.
İnsan yaranmış vəziyyətin xarakterindən asılı olaraq müxtəlif və ya eyni zamanda bir-neçə kopinq-strategiyadan istifadə edə bilər. Çox vaxt insanın seçdiyi strategiya onun statusundan, yaşından, böyüdüyü və yaşadığı mühitdən və digər sosial faktorlardan asılıdır.
Heç bir zaman yeni strategiyalara öyrənmək gec deyil.