Psixoloji komplekslər insanın uşaq yaşlarında böyüklərin dediklərinə şübhəsiz inandığı zaman formalaşmağa başlayır. Erkən yaşlarda uşaq böyüklərin iradəsinə müqavimət göstərə bilmədiyi üçün özü haqqında eşitdiyi mənfi fikirlər birbaşa onun şüuraltına yerləşir. Psixologiyada “kompleks” terminindən ilk dəfə 1895-ci ildə Z. Freyd və İ. Brayer "Stillərin öyrənilməsi" adlı birgə işlərində istifadə ediblər.
Kompleks sözünü müəyyən bir mövzu ətrafında təşkil edilmiş düşüncə, fikir, xatirə birləşmələri kimi başa düşmək olar ki, onlar qeyri-şüuri xarakter daşıyan ortaq bir emosional fikirlə ittiham olunur. Kompleks şüurdan ayrılaraq ruhun “qaranlıq sferasında” bir növ müstəqil fəaliyyət göstərməklə daima şüurun işinə ya mane olur, ya da onu asanlaşdırır. Kompleks müəyyən bir energetik yükə və kiçik bir obraza malikdir.
Uşaq yaşlarında insanın özünü qiymətləndirmə bacarığının olmadığı üçün kompleksləri də olmur, belə ki, bu yaşlarda uşağın emosiyaları yalnız təsadüfi hallardan asılı olur (yemək, oynamaq, gəzmək və s.). Uşaq səs tonundan asılı olaraq dediklərimizi qəbul edir (danlanmaq və ya təriflənmək), nəticədə uşaqda psixoloji sabitlik və ya narahatlıq hissi yaranır. Uşağa mənfi xüsusiyyətlər haqqında nə qədər tez-tez deyilərsə, o, bu fikirləri bir o qədər çox özünə aid kimi qəbul edə bilər, bu da öz növbəsində onda davranış kompleksinin yaranmasına səbəb ola bilər. Bu tip davranışla hətta övladını çox sevən valideyn belə onda komplekslərin formalaşmasına yol aça bilər.
Bəzi insanların böyüsələr belə valideynlərindən asılı qalmalarının səbəbi nədir? Burada söhbət uşaqla valideyn arasında olan emosional bağlılıqdan gedir. "Sinif yoldaşın necə gözəl qızdır, özünə bax..."; “Əllərin əyridir?”; “Səndən nə zamansa bir xeyir gələcək?”; “Sən həyatda kim olacaqsan axı?” kimi ifadələr hər birimizə tanışdır. Təbii ki, hər bir valideyn övladını sevir və onun yaxşılığını istəyir. Ancaq düşünmədən deyilən hər bir ağır söz onlarda kompleksin formalaşmasına yol aça bilər. Əfsuslar olsun ki, əksər valideynlər belə ifadələrin övladının xeyrinə və inkişafına müsbət təsir edəcəyini düşünürlər.
Aşağıda qeyd etdiyimiz komplekslərlə iş üzrə bir neçə məsləhətlə tanış ola bilərsiniz:
1. Uşağınızda yaranan kompleksin səbəbini araşdırıb tapmağa çalışın. Bəzən uşaqlıqda yaranan travma, kiminsə bizə ünvanladığı bir cümlə belə həyatımızda kompleks şəklində böyük bir "iz" buraxa bilər. Belə anlarda bizə elə gəlir ki, insanlar arxamızca çatışmazlıqlarımız barədə danışırlar. Nəticədə, biz özümüzdə olmayan bir xüsusiyyəti icad edərək, ünvanımıza deyilən mənfi fikirlərin həyatımızda "iz buraxmasına" imkan yaradırıq.
2. Vəziyyəti qiymətləndirin. İlk öncə başa düşməliyik ki, mükəmməl insan yoxdur, hər bir insanın qüsurları və səhvləri var. Hər kəsin fərqli problemləri var, lakin bir çox insan bunu özünə dərd etməyərək, həyatında baş verən mənfilərin kompleksə çevrilməsinə imkan vermir. Burada söhbət insanın xarici görünüşü, xasiyyəti və digər xüsusiyyətləri haqqında də gedə bilər. Başqa insanları beynimizdə ideal kimi qəbul etməməliyik və etiraf etməliyik ki, hər kəsin çatışmazlıqları var.
3. Qorxulardan azad olun. Başqalarının fikrindən qorxmayın, həyatda nə baş verirsə versin hər bir insanın şəxsi fikri olduğunu qəbul etməli, özümüzü dinləməkdən çəkinməməliyik. Hər kəsin xoşuna gəlmək üçün səy göstərməyə çalışmayın, bu onsuz da mümkün olmayacaq, çünki hər insanın həyatında onu sevməyənlər mütləq şəkildə olur.
4. Hər bir situasiyada özünüzə inanın. Hər bir insan səhv edə bilər, bu heç də o insanın heç nəyə qadir olmadığı demək deyil. Hər bir işin başlanğıcında ilk öncə siz özünüzə inanmalısınız, özünə inam olmadan başqalarından bunu tələb etmək düzgün deyil. "Bacararam, edə bilərəm!" şüarı həyat boyu hər birimizi müşayiət etməlidir, məhz bu şüar uğur üçün atılan ilk addımlardan biridir.
5. Aktiv olun. Yalnız dəyişməyi istəmək kifayət deyil, hərəkət etmək istəmək qədər vacibdir. Əgər komplekslər sizi utandırırsa, həyatda öz yerinizi tapmaq üçün hərəkət etməli və mübarizə aparmalısınız.