Hiper-qayğı – valideynin övladına qarşı olan həddindən artıq qayğıkeş yanaşması, onu hər şeydən, hər bir təhlükədən qorumaq istəyidir. Hiper-qayğıkeş valideynə övladını hər bir çətinlikdən qorumaq, bəzən uşağa aid işləri belə (ev işi, hazırlıq, dərs və s.) onun yerinə etmək və onun ürəyindən keçən hər bir arzunu reallaşdırmaq kimi davranışlar aiddir. Qısa desək, bu valideyn “övladının üzərində əsir”. Sözsüz ki, tərbiyə üslubundan asılı olmayaraq hər bir ata-ana uşağının yaxşılığını istəyir, lakin övladına hiper-qayğı bəsləyən valideyndə bu daha çox hiss olunur.
Bəzi tərbiyə üslublarından fərqli olaraq, uşağa qarşı ifrat qayğıkeşliyin olması valideyn ilə onun arasında emosional əlaqənin yaranmasına səbəb olur. Bu emosional əlaqə nəticəsində valideyn uşağa onun inkişafı və şəxsiyyətinin formalaşması üçün tələb olunan azadlığı verə bilmir. Beləliklə, uşağın müəyyən yaş böhranında (məsələn, 3 yaş – “mən özüm!” böhranı; 12 yaş – “yeniyetmə böhranı” və s.) bu tərbiyə üslubunun mənfi nəticələri özünü daha aydın biruzə verir. Böhranlar zamanı uşağın şəxsiyyəti formalaşır və bu zaman uşaq ilə valideyn arasında olan emosional əlaqə mümkün qədər zəifləməli və ya kəsilməlidir. Lakin, hiper-qayğı mühitinin hökm sürdüyü ailədə bu əlaqəni kəsmək mümkün olmur, kəsilsə belə bu proses çox ağır yaşanır.
Məhz bu uşaqlar özlərini sıxılmış, daima nəzarət altında hiss etdikləri üçün böyüdükləri zaman valideynlərinə qarşı daha aqressiv davranışa meyilli olurlar. Seçim şansının verilməməsi, qayğı adı altında nəzarət, azadlığın məhdudlaşdırılması, üzərinə məhsuliyyət götürmə cəhdlərinin qarşısının alınması və s. kimi səbəblərdən uşaq cəmiyyətdə özünü sərbəst, əmin, özgüvənli bir şəxs kimi qəbul edə bilmir. Nəticədə, bu tip mühitdə böyüyən uşağın şəxsiyyətinin formalaşması və inkişafı iki istiqamətdə gedə bilər:
- “ailənin qaniçəni” – tələbkar, ətrafdakıların istəklərinə məhəl qoymayan, onlara qarşı manipulyativ davranan, ərköyün, eqoist, yekəxana, səbrsiz, aqressiv şəxs;
- asılı şəxs – çətinliklərlə mübarizə apara bilməyən, başqalarının fikrindən asılı, qərar verməkdə çətinlik çəkən, həmyaşıdları ilə çətin ünsiyyət quran, təşəbbüssüz, qərarsız, aciz şəxs.
Valideyn olaraq, bu tərzin sizdə olub-olmadığını müəyyən etmək istəyirsinizsə aşağıda qeyd olunan iddialar ilə tanış ola, razı olduğunuz iddia sayına uyğun olaraq meyilinizi müəyyən edə bilərsiniz:
İddialar:
1. Yaxşı valideyn övladını hər şeydən, hətta xırda çətinlik və incikliklərdən belə qorumalıdır.
2. Valideyn övladını həyatda rastlaşacağı xəyal qırıqlıqlardan qorumaq üçün əlindən gələn hər şeyi etməlidir.
3. İdeal valideyn uşağın çətin vəziyyətə düşməməsi üçün nə etməli olduğunu bilməlidir.
4. Uşaq ağır, çətin işlərdən uzaq tutulmalıdır.
5. Diqqətli valideyn uşağının nə düşündüyünü bilməlidir.
6. Valideyn uşağa nəyin xeyirli, nəyin zərərli olduğunu hamıdan, hətta uşağın özündən belə yaxşı bilməlidir.
7. Valideyn uşağın kiminlə ünsiyyət qurduğunu bilməlidir, bunun üçün o, hətta uşağın özəl yazışmalarını oxuya və danışıqlarını dinləyə bilər.
- 1-2 və daha az – bu tərzə meyilliyiz yoxdur;
- 3-6 arası – bu tərzə meyillisiniz;
- 6-7 – çox güman ki, bu tərz sizə aiddir.
Özünüzdə hər hansı bir meyilliliyi müəyyən etsəniz unutmayın ki, heç vaxt uşağınızla münasibətlərinizi düzətmək gec deyil. Bunun üçün aşağıda qeyd olunan məsləhətlərlə tanış ola bilərsiniz. Bu problemin öhdəsindən gələ bilməyəcəyinizi hiss etsəniz, psixoloqa müraciət etməkdən çəkinməyin. Uşağınızın həyatda uğur qazanması və öz yerini tapması üçün onunla doğru və sağlam münasibət qurmağa cəhd göstərin. Unutmayın ki, heç kəs öncədən nəyin düzgün olub-olmadığını bilmir, hər şey fərdidir və münasibətlərin üzərində uzun müddət işləmək normaldır.
Valideynlər üçün məsləhətlər:
- Uşağa tərbiyə vermək üçün nəzarət etmək mütləqdir, lakin bu nəzarəti və qayğını minimuma endirməlisiniz ki, uşağın da fikir bildirməyə eləcə də qərar verməyə şansı olsun;
- Hər şey qədərində gözəldir: qayğı, azadlıq, tərif, danlaq – bunların hər biri tərbiyə prosesində vacib olduğu kimi, miqdarı da önəmlidir;
- Övladınıza seçim etməkdə azadlıq və sərbəstlik verin, onun da səhv etmək və səhvlərindən dərs çıxarmaq şansı olmalıdır;
- Uşağınızdan yalnız sizə görə düzgün davranış və qərarları tələb etməyin, onun fikri, maraqları və istəkləri ilə daima maraqlanın və ən əsası onu olduğu kimi qəbul edin;
- Ona kömək edin, dəstək olun, lakin qarşılaşdığı çətinlikləri onun yerinə həll etməyə çalışmayın;
- Həmyaşıdları ilə ünsiyyət qurmağı üçün ona dəstək olun.
Hər zaman uşağınızın sizin sevginizə və dəstəyinizə ehtiyacı olduğunu unutmayın!