Hafizə və ya yaddaş, insan beynində informasiyanı saxlamağa və onu bərpa edərək xatırlamağa imkan verən bir idrak funksiyasıdır. Hafizə daha çox beynin hipokampus hissəsi ilə əlaqələndirilir, lakin beynimizin bir çox hissəsi bu prosesdə iştirak etdiyi üçün xatirələri beynin yalnız bir hissəsinə aid etmək olmaz. Hafizənin əsas prosesləri - yaddasaxlama, yadasalma, tanıma və unutmadır.
Yaddasaxlama cisim və hadisələrin arasında müvəqqəti əlaqələrin yaranması prosesidir.
Yaddasaxlama qeyri-iradi və iradi ola bilər. Gün ərzində təkrar-təkrar istifadə etdiyimiz məlumatların böyük hissəsi qeyri-iradi olaraq yadda qalır. Qeyri-iradi yaddasaxlama məqsədsiz, təbii yaddasaxlama formasıdır, və burada diqqətin rolu böyükdür. Bu, diqqət sahəsinə düşən məlumatın qeyri-iradi olaraq yaddaşa həkkolunmasına səbəb olur.
İradi yaddasaxlama isə, öz qarşısına yaddasaxlama məqsədi qoyan insanın həyata keçirdiyi fəaliyyətdir. İradi yaddasaxlama 2 yolla həyata keçirilə bilər - birbaşa və dolayı. Birbaşa yaddasaxlama - məlumatın mexaniki, təkrar edərək öyrənilməsidir. Çoxsaylı təkrarlardan sonra məlumat yaddaşa həkkolur, ancaq burada mütaliə tətbiq edilmədiyi üçün, material dərk edilmir. Dolayı yaddasaxlama prosesi isə təfəkkürlə bağlıdır və burada semantik əlaqələrin qurulması baş verir. Bunun üçün bir çox vasitələrdən istifadə edilə bilər, bunlardan biri də mnemotexnikalardır.
Yadasalma və tanıma - keçmiş təcrübənin elementlərinin, yəni yaddasaxlanılan hiss, davranış, fikir və obrazların yaddaşdan alınması prosesidir. Yadasalmanın sadə forması tanımadır. Tanıma - keçmiş təcrübəyə dayanaraq qavranılan obyektin artıq subyektə tanış olduğunun fərqinə varılması, obyekt və həmin obyektin yaddaşda həkk olmuş obrazı arasında bənzərliklərin təyin olunmasıdır. Yadasalma, yaddasaxlama kimi, qeyri-iradi və iradi olur. Qeyri-iradi yadasalma, şəxs tərəfindən hər hansı bir səy göstərilmədən beyində bir obrazın ortaya çıxmasıdır. İradi yadasalma isə, öz növbəsində, məqsədyönlü və şüurlu prosesdir, və adətən müəyyən bir fəaliyyətin tərkib hissəsi olaraq çıxış edir.
Unutma - yaddasaxlamanın əksi olan prosesdir.
Unutma prosesi hafizənin normal fəaliyyət göstərməsi üçün zəruri şərtdir, çünki unutma şüuru əlavə və lazımsız yüklənmədən və əhəmiyyətsiz məlumatlardan qoruyur. Unutma sayəsində təfəkkür prosesinin də gedişatı asanlaşır. Sadalananlar unutmanın müsbət tərəfləridir. Mənfi tərəfiylə isə onəmli məlumatların yaddaşdan silinməsi zamanı üzləşirik. Hafizənin silinməsi tam (yadasalmanın və tanımanın mümkünsüzlüyü) və ya qismən (yadasalınan məlumatda boşluqların və ya səhvlərin olması) ola bilər. Unutma təbii proses olaraq baş verə bilər, burada ilk növbədə, istifadə olunmayan və ya kifayət qədər yaxşı öyrənilməyən məlumat unudulur. Həmçinin unutma psixoloji səbəblərdən qaynaqlanaraq, xoş olmayan xatirə və məlumatların yaddaşdan sıxışdırılaraq çıxarılması ilə nəticələnə bilər. Buna görə bəzi insanlar pis xatirələri yaxşı xatirələrdən daha tez unudur.
Beləliklə, hafizə yuxarıda qeyd edilən prosesləri, onların iradilik xüsusiyyətləri və işləmə mexanizmi haqda məlumat sahibi olaraq və həmin məlumatları şüurlu şəkildə tətbiq edərək, siz yaddaşınızın effektivliyini artıra və unutma prosesini idarə etməyə öyrənə bilərsiniz.