Yaşlandıqca yaddaşın zəifləməsi normal haldır, lakin son zamanlar gənclərin də, bir çoxu bu problemdən şikayət etməyə başlayıb. Gərginlik, informasiya çoxluğu, yuxusuzluq, həddindən artıq texnologiyalardan istifadə, yanlış qidalanma, hərəkətsizlik və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarda bilər.
Yaddaşın zəifləməsi haqqında daha ətraflı
“Niyə mənim YADDAŞIM zəifdir?” məqaləsində oxuya bilərsiniz.
GÜNDƏLİK HƏYATINIZDA daha yaxşı yadda saxlamaq üçün sizə ÜMUMİ məsləhətlərimiz:
- Etdiklərinizi SƏSLİ deyin. Düşünmədən, avtomatik etdiklərinizi sözlə ifadə edin. Məsələn, evdən çıxanda: “Qazı söndürdüm, qapını bağladım...” və ya imtahana gedəndə “Sənədləri, karandaşı ... götürdüm”. Bununla siz etdiklərinizi şuurlu məlumata çevirəcəksiniz və unutmayacaqsınız.
- Məlumatları VİZUALLAŞDIRMAĞA çalışın. Yəni gözünüzün qabağına gətirib o cür yadda saxlayın. Məsələn, telefon nömrəsini yadda saxlamaq istəyirsinizsə gözünüzün qabağına necə rəqəmləri yığdığınızı təsəvvür edin və ya xəritəni gözünüzün qabağına gətirin, orda əlinizlə yolu çəkin.
- MƏLUMATLARI BLOKLAŞDIRIN. Verilən məlumatı çalışın qruplaşdırasınız. Məsələn, sizə 2, 5, 7, 1 rəqəmlərini yadda saxlamaq lazımdır. Ayrı-ayrı rəqəmləri yadda saxlamaqdansa 25 və 71 yadda saxlamağa çalışın. Bu daha asandır. Yaxud mağazaya gedirsizsə alacaqlarınızı qruplaşdırın- səhər yeməyi, meyvə-tərəvəz və s. üçün lazımı alış-veriş.
- YATMAQDAN ƏVVƏL oxunan bütün məlumatlar, şeirlər və s. daha yaxşı yadda qalır. Yatdığınız zaman beyniniz bu məlumatları daha yaxşı “öyrənir”. New York Universitetindən Lila Davaçi-nin 2010-cu ildə apardığı araşdırmanın nəticəsində müəyyən olunub ki, səmərəli “öyrənmə” təkcə yuxu zamanı yox, AYIQ İSTİRAHƏT əsnasında da baş verir. Yəni siz yeni məlumat öyrənib sonra yatsaz və ya istirahət etsəz, daha yaxşı nəticə əldə edərsiniz.
- Hər bir işə YARADICI YANAŞIN. Məsələn, yeni yemək bişirin, işə, məktəbinizə və ya başqa yerə yeni yolla gedin. Yolda rast gəldiyiniz mağazaların və digər obyektlərin adlarını yadınızda saxlamağa çalışın. Axşam yatmazdan əvvəl isə getdiyiniz yolu hər bir detalı təsvir etməyə çalışın. Bununla siz tək yaddaşınızı yox, həmçnin diqqətinizi və yaradıcılığınızı da gücləndirəcəksiniz, beyninizi çevikləşdirərək koqnitiv (zehni) imkanlarınızı artıracaqsınız.
- Bizi MARAQLANDIRAN məlumatlar, bizim yaddaşımızda daha yaxşı qalır. Bunun üçün sizə çox lazım olan məlumatda əvvəlcə sizi maraqlandıran cəhətləri tapın sonra yadda saxlamağa çalışın. Məsələn, fizika formullarını daha yaxşı yadda saxlamaq üçün gündəlik həyatınızla bağlayın, harda onu istifadə edə biləcəyiniz haqqında düşünün.
- TƏKRAR EDİN. Yaddaş təkrar etmək tələb edir.
Qavrama üsulunuzda asılı olaraq məlumatı öyrənməyə çalışın. Məsələn, siz qulaq asaraq daha yaxşı yadda saxlayırsınızsa onda audio məlumatlara qulaq asın. Daha çox vizual (görüntülü) yadda saxlayırsınızsa onda şəkil, sxemlərdən, video yazılardan və s. istifadə edin.
Yaddaşın gücləndirilməsi üçün, istədiyiniz nəticəni qısa zamanda
əldə etmək üçün KOMPLEKS YANAŞMAQ lazımdır.
Yaddaşın GÜCLƏNDİRİLMƏSİ üçün nə edək:
- Hər gün yaddaşınızı gücləndirmək üzərində işləmək üçün Sizə rahat olan vaxtı ayırın.
- Hər gün ən azı 15 dəqiqə xüsusi çalışmalar vasitəsi ilə məşq edin!
- Beyninizi məşq etdirin! Yaddaşın güclənməsi üçün çalışmalar edin.
- Dincəlməyi və kifayət qədər yatmağı unutmayın!
- Qidalanmağımıza fikir verin.
- İdmanla məşğul olun və təmiz havada gəzin!
- Kifayət qədər su için.
- Stressdən, texnologiyaları çox istifadə etməkdən, yuxusuzluqdan, siqaret kimi pis vərdişlərdən uzaq durun!
- Məlumatı özünüz üçün maraqlı edin. Özünüzü motivasiya edin.
- Hər bir işə yaradıcı yanaşın!
Yaddaşın zəifləməsi haqqında daha ətraflı “Niyə mənim YADDAŞIM zəifdir?” məqaləsində oxuya bilərsiniz.
Aşağıda yaddaşın inkişafı üçün çox sadə və universal ÜMUMİ ÇALIŞMALAR təqdim edirik. Bu çalışmalar təcrübədə sınaqdan çıxıb və inanırıq ki, siz də çox gözəl nəticələr əldə edəcəksiniz. Sadəcə istədiyiniz nəticəni əldə etmək üçün hər gün 15 dəqiqə ərzində bu çalışmaları yerinə yetirin. Həmçinin unutmayın ki, hər hansısa çalışma sizə çox UYĞUN ola bilər, digəri isə UYĞUN GƏLMƏYƏ bilər. Buna görə sizə uyğun və xoşladığınız çalışmaları seçin. Çalışmalara yaradıcı və çevik yanaşaraq onları özünüzə daha da uyğunlaşdıra bilərsiniz.
- 5+5. Masanın üstünə 5 kibrit çöpü atın. Bir neçə saniyə onların necə durduğunu yadda saxlayın. Sonra isə üzünüzü çevirib digər 5 çöpü eyni şəkildə düzün və yoxlayın. Bununla siz həm yaddaşınızı, həm diqqətinizi gücləndirirsiniz.
- Xətt. Adi alışdığınız iş vaxtı 3 dəqiqə ərzində tələsmədən düz xətt çəkin. Sizin fikrinizi nəsə yayındırsa onda hər-hansısa bir işarə qoyun. Sonda baxın xəttə nə qədər işarə var. Bunun əsasında yaddaşınızın və diqqətinizin səviyyəsini təxmini biləcəksiz. Həmçinin bu çalışmanı gündəlik etsənizz diqqət dağınıqlığınız azalacaq və nəticə etibari ilə yaddaşınız güclənəcək. Sonra bu vaxtı 5 dəqiqəyə qədər çoxalda bilərsiz.
- Ambidekstr. Adətən yazmadığınız əl ilə (məsələn, sağ əl ilə yazırsınızsa sol ilə, solaxaysınızsa sağ ilə ) 4-5 söz yazın və ya şəkil çəkin, yemək bişirin və s.. Kiçik motorikanın (əlin) inkişafı yaddaşın inkişafına müsbət təsir edir. Həmçinin nitqin, beynin, yaradıcılığın inkişafı üçün müsbətdir.
- 10 əşya. Burda sizə kömək lazım olacaq. Kimsə masanın üstünə 10 əşya qoysun. Siz 10 saniyə o əşyalara baxın sonra onları yadınıza salmağa çalışın. Bu çalışma sizə asan gələndə əşyaların sayını çoxalda bilərsiniz və ya əşya yerinə kağızda yazılan söz və ya rəqəm istifadə edə bilərsiniz. Bununla siz həm yaddaşınızı, həm diqqətinizi, həm də müşahidəçilik bacarığınızı inkişaf etdirəcəksiniz.
- Təsvir et. Hər hansısa bir əşyaya 30 saniyə ərzində baxın sonra çevrilin və əşyanı bütün xırdalıqları ilə təsvir edin. Bununla siz həm yaddaşınızı, həm diqqətinizi, həm də müşahidəçilik bacarığınızı inkişaf etdirə bilərsiniz.
- Evdə gəzinti. Gözlərinizi bağlayaraq evdə gəzin və nəyin harda olduğunu yadınıza salmağa çalışın. Bununla siz həm yaddaşınızı, həm diqqətinizi, müşahidə qabiliyyətinizi, yaradıcılığınızı artıracaqsınız.
- Xüsusi oyunlar, proqramlar. Bundan başqa siz smartfonunuzda və internetdə xüsusi oyunlar, proqramlar tapa bilərsiniz. Bu oyunlarla gündəlik çalışsanız müsbət nəticə əldə edəcəksiniz.
Unutmayın hər gün
öz inkişafınıza vaxt ayırın