Hər bir işdə motivasiyanın – sizdə bu işi görməyə istək yaradan stimulun olması vacibdir. Lakin yalnız bu kifayyət etmir. Sizin işi planlaşdırmağınız və işə münasibətiniz də vacibdir.
Siz də daim məqsədlərinə çatan idmançılar, inadkarlığı sayəsində böyük kəşflər edən alimlər, işinin nəticəsinə inanan iş adamları kimi yüksək motivasiyaya sahib ola bilərsiniz.
Məşhur şahmatçı Vüqar Həşimov fenomenal yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanı və 7-dən çox xarici dili mükəmməl bilirdi. Fərdi yarışlarda maraqlı debüt seçimi və sona qədər mübarizə aparması ilə yadda qalan Həşimov heç vaxt təslim olmağı sevməzdi. 2009-cu ildə məhz onun bu şəxsi keyfiyyəti Azərbaycan milli komandasının Avropa çempionu olmasında həlledici rol oynadı.
Məşhur azərbaycanlı riyaziyyatçı Lütfi-Zadə qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin banisidir. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. O, uşaqlıqda tərs və inadkar olub, məktəbdə həmişə gözlənilməz hərəkətlər edib. Məşhur olmaq üçün ona 25 il, ixtiralarının qiymətləndirilməsi və qəbul edilməsi üçün isə 30 il lazım oldu.
Azərbaycanlı xeyriyyəçi iş adamı Hacı Zeynalabdin Tağıyev öz maarifpərvərliyi ilə tanınmışdır. Zeynalabdin uşaqlıqdan təmkinli, inadkar və zəhmətkeş idi. Bütün etirazlara və hədə qorxulara baxmayaraq müsəlman Şərqində ilk qızlar məktəbini (Tağıyevin qızlar məktəbi) yaradıb.
Bu şəxslərin hər biri öz işlərinə inanıb nəticə üçün yorulmadan işləyən dünyada tanınan azərbaycanlılar olub. Bu şəxsiyyətlər özlərini düzgün motivasiya edib ruhdan düşməyib məqsədlərinə doğru irəliləyiblər.
Bəs düzgün motivasiyanı FORMALAŞDIRMAQ, işi PLANLAŞDIRMAQ üçün nə etməlisiniz:
Kəmiyyət yox, KEYFİYYƏT. Özünüzü keyfiyyətli iş təqdim etməklə həvəsləndirin. Sizə verilən tapşırıqdan biraz daha yaxşı edin. Bununla siz daim inkişafda olacaqsınız.
Məqsədlərinizi DÜZGÜN FORMALAŞDIRIN. SMART sistemi məqsədləri müəyyən etməyin ən populyar üsullarından biridir. Bu sistemə əsasən məqsədlərin 5 əsas cəhəti olmalıdır. Bu barədə daha ətraflı “SMART Sistemini gündəlik həyatımda necə istifadə edim?” məqaləsində oxuya bilərsiniz.
Etdiyinizin DƏYƏRİNİ VƏ QİYMƏTİNİ hesablayın. Dəyər deyəndə - bununla nə əldə edəcəyiniz (maddi, mənəvi və s.), qiymət dəyəndə isə - maddi olaraq buna sərf etdiyiniz mmaddi vəsait və vaxt nəzərdə tutulur. Etdiyinizin və ya oxuduğunuzun sizə nə verəcəyini hesablayın. Yaxşı olar ki, oyrəndiyinizin, pul dəyərini və ya vaxt dəyərini hesablayasınız. Sonra qiyməti müəyyən edin və ya öyrənin (pul və ya vaxt ilə). Son olaraq bu iki göstəricini müqayisə edin. Dəyər qiymətdən çoxdursa, bu zaman motivasiya yaranmalıdır. Məsələn, bu fənni mən yaxşı oxusam daha çox bal toplayacam. Beləliklə ali məktəbin ödənişsiz təhsil proqramına qəbul olacam və hər il üçün 1000 manata qənaət edib özümə istədiyim kompüteri alacam. Və ya Excel proqramını öyrənsəm cədvəl qurarkən vaxtıma qənaət edəcəm, həmçinin ödənişli işlər götürüb pul qazana bilərəm. Bununla təhsilinizdə və ya digər işlərinizə olan motivasiyanızı artıra bilərsiniz.
AXŞAMDAN görəcəyiniz işlərin siyahısını hazırlayın. Çalışın çox iş planlaşdırmayın- 5-6 iş kifayət edir. İşləri çatdırmasanız növbəti gün düzəlişlər edin, daha az iş yazın.
İşinizi MÜƏYYƏN edin və PLANLAŞDIRIN. “Mənim bu gün işim çoxdur” deməyin. Bütün işlərinizin siyahısını düzəldin. İşlərinizin məqsədini başa düşməyə çalışın və nəhayət reallaşdıra biləcəyiniz vaxt bölgüsü əsasında iş qrafiki qurun. Düzgün plan və strategiya çətin məsələlərin həllinə kömək edir. Vaxtınızı düzgün bölsəniz onda hər bir işin öhdəsindən gələrsiniz. Amma bölgü aparanda real vəziyyəti və imkanlarınızı nəzərə alın. Planlaşdırdığınız işi vaxtı- vaxtında çatdırmasanız təəsüflənməyin. Sonradan iş qrafikinizdə düzəlişlər edə bilərsiniz.
Çox MÜRRƏKKƏB işi bir neçə kiçik işlərə bölüb qarşınıza kiçik məqsədlər qoya bilərsiniz. Mütləq özünüz üçün fasilələr də təşkil edin.
Özünüzü PSİXOLOJİ HAZIRLAYIN. Bizim beynimiz elə formalaşıb ki, biz əvvəlcədən özümüzü işə hazırlamalıyıq. Birinci 5-10 dəqiqə biz asta işləyiriksə, sonradan sürətlənirik. Fikiriniz işdən yayınanda prosesə YENİDƏN BAŞLAYIRSINIZ, yəni yenidən diqqətinizi cəmləməyə çalışırsınız.
Uğurlarınızla QÜRURLANIN! Vaxtında tamamladığınız işə görə özünüzü mükafatlandırın. Bunu özünüzlə müqavilə kimi bunu qəbul edin. Məsələn, özünüzə söz verin ki, bu işi bitirdikdən sonra özünüzə gözəl ətirli çay hazırlayacaqsız və ya gəzintiyə çıxacaqsınız, dondurma alacaqsınız və s.
Məşhur və ya sizə maraqlı olan İNSANLARIN HƏYAT HEKAYƏLƏRİNİ oxuyun. Bu sizi müəyyən müddətə həvəsləndirə bilər. Həmçinin onlar haqqında sənədli filmlərə də baxa bilərsiniz və ya hekayə terapiyasına müraciət edə bilərsiniz.
Sizi həvəsləndirəcək arzunuzu VİZUAL təsəvvür edin. Şəkil çəkin və ya hər gün gördüyünüz yerə (kompüter, qapının girişi, güzgü və s.) sizi motivasiya edən sitatı, cümləni yazın (“Çətinliklər ilə üzləşəndə sən qalib ol”), şəkli (istədiyiniz ali məktəbin şəklini) yerləşdirin.
Öz DÜNYAGÖRÜŞÜNÜZÜ DAİM ARTIRIN və yeniliklərə açıq olun. Həyatın qarşınıza çıxartdığı yeni təcrübələrə açıq olun. Dünyagörüşünüz artıqca enerjiniz və özgüvəniniz artacaq və yeni məqsədlər qoymağa davam edəcəksiniz.
Hazır KİTABLARDAN istifadə edə bilərsiniz. Həmçinin kitab mağazalarında sizin motivasiyanızı və məqsədyönlüyünüzü artıran, planlaşdırmağa kömək edən müxtəlif kitablar olur. Burada gündəlik məqsədlər qoyub istədiyinizə nail olmaq üçün addım- addım hərəkət edə bilirsiniz.
Unutmayın! Hər birimiz fərqliyik. Buna görə kiməsə bir üsul çox uyğun gəlirsə, digərinə o uyğun gəlmir.
SİZƏ UYĞUN OLAN ÜSULLARDAN VƏ
MƏSLƏHƏTLƏRDƏN İSTİFADƏ EDİN.
Bütün başlanğıclarınızda sizə uğurlar!
Motivasiyamızı formalaşdırdığımız zaman yol verdiyimiz səhvlər