Bu tərbiyə üsluba üstünlük verən valideynlər uşaqdan hər zaman yüksək nailiyyətlər tələb edir, onu uğursuz olduğu hallarda cəzalandırır, zorla yatızdırır, daim ona nəzarət edərək şəxsi işlərinə müdaxilə edir, onun üçün nəyin yaxşı olub olmamasına özü qərar verir və uşağın şəxsi fikri ilə maraqlanmırlar. Bu tip valideynlər "Mən dediyim kimi olacaq", "Mən valideynəm, deməli haqlıyam" kimi cümlələri tez-tez işlədirlər. Avtoritar tərbiyə üslubu zamanı valideynlə uşaq arasında yaranan problem kompromis yolu ilə həll olunmaq əvəzinə, sərt qadağalar və təhdidlərlə həll edilir. Avtoritar tərbiyə tərzinə üstünlük verilən ailədə böyüyən uşağın təhsil fəaliyyəti zamanı müstəqillik bacarıqları formalaşmamaqla yanaşı, öyrənmək motivasiyası da aşağı olur, bundan başqa onda qorxu, aqressiya və ətrafa qarşı qəzəbli davranış müşahidə olunur.
Kiçik məktəb yaşlarında olan uşaqlar valideynləri tərəfdən özlərinə qarşı belə münasibəti kifayət qədər sakit qəbul edə bilsə də, yuxarı sinif şagirdləri bu hala qarşı etiraz edirlər. Avtoritar hesab edilən valideyn uşağın davranışlarından hər zaman narazı qaldığından, uşaqda özünə inam hissi zəif olur, beləliklə də o, harada və necə davranacağını bilmir.
Bu şagirdlərdə tədris prosesi zamanı problemlər yaranır. Onlar müstəqil düşünmək və qərar qəbul etməkdən məhrum olur, dərs prosesi zamanı etdikləri səhvin onların təhsilinə təsir etməsindən qorxurlar. Avtoritar valideynlər uşağı tapşırıqları yerinə yetirməyə məcbur etdikləri üçün onlarda yaradıcılıq və şəxsi inkişaf istiqamətində boşluqlar yaranır, onlar deyilən hər bir şeylə razılaşırlar. Bu uşaqlarda narahatlıq hissi hər zaman yüksək olur. Onlar dərs vaxtı diqqəti cəmləməkdə, konsentrasiyalarını 15-20 dəqiqəlik toplamaqda çətinlik çəkir, lakin məhz bu şagirdlər ibtidai siniflərdə yaxşı oxuyaraq uğur qazanırlar.
Uşaq yeniyetməlik dövrünə çatdığı zaman valideyn tərəfindən tətbiq edilən avtoritar tərbiyə üslubu gücünü itirir və uşaqda valideynə qarşı olan qorxu hissi azalır. Buna görə də belə ailələrdə əksər hallarda qarşıdurmalar yaranır, uşaqlar idarəolunmaz hala gəlirlər. Avtoritar üslubda böyüyən uşağın şəxsiyyətinin xarakterik xüsusiyyətləri aşağıdakı variantları əhatə edə bilər:
Variant 1 - həyat mövqeyinin zəif inkişafı:
- özünə hörmətin itməsi;
- qərar qəbul etmə qabiliyyətinin və seçimlərinə görə məsuliyyət hissinin itməsi;
- nə istədiyini bilməmək ("nə istəyirəm?");
Variant 2 - despotik şəxsiyyət tipinin inkişafı:
- valideynlərə qarşı nifrətin olması;
- məsələlərin yalnız güc yolu ilə həll edilməsi (güclü olan tərəf hər zaman haqlıdır);
- Ətrafdakılara qarşı kobud, despotik davranışın sərgilənməsi; - artan aqressiya və münaqişələrə meyillilik.
Bu yeniyetmələrdə vicdanlılıq prinsipi, yaxınlarına kömək etmək, onları qorumaq istəyi kimi müsbət keyfiyyətlər də formalaşa bilər.
Avtoritar tərbiyə üslubuna üstünlük verən valideynlər üçün bəzi məsləhətlər:
- Uşağın mövqeyini, motivasiyasını və istəklərini nəzərə alın. Bəzi situasiyalarda özünüzü onun yerinə qoymağa çalışın.
- Göstərişləri sifariş və əmr şəklində yox, təklif formasında verməyə çalışın.
- Danışığınızda quru və soyuq səs tonunun yerinə, emosional və güvənverici tona üstünlük verin.
- Sizin tərəfinizdən tətbiq olunan qadağa və cəza metodlarını uşağa aydın şəkildə izah edin, onunla əvvəlcədən müzakirə edərək hər iki tərəfin də (valideyn və uşaq) ortaq məxrəcə gələrək qəbul etməsini təşkil edin.
- Etdiyiniz hər bir qınaq və irad uşağın şəxsiyyətinə deyil, onun hərəkətlərinə yönəlməlidir; ona "Sən yalancısan!" əvəzinə “Mənə elə gəlir ki, sən indiki halda doğrunu demirsən” kimi cümlələr qurun.
- Uşağın otağına qapını döymədən, onun yoxluğunda isə heç daxil olmayın. Onun şəxsi həyatına hörmət etməyə, ona aid əşyalara toxunmamağa çalışın.
- Övladınıza dost, geyim, musiqi və s. seçim hüququnu tanıyın.
- Əsəbiləşdiyiniz zaman hisslərinizi səmimi şəkildə ifadə edin; keçmişdə etdiyi səhvləri vurğulamayın, mövcud vəziyyətdən danışın. Eyni zamanda onun üzərində basqı qurmayın, fiziki cəzalara və onu alçaldıcı davranışlara yol verməyin.
- Övladınızın xarakterinə xas olan müsbət cəhətləri müşahidə edərək mümkün qədər tez -tez vurğulayın.